Bakıda Türk Ticarət Mərkəzindəki Qırğız Ticarət Evində Qırğızıstan istehsalı olan və dünya bazarına ixrac edilən bir neçə məhsulun təqdimatı olub.
KANAL32.az xəbər verir ki, Bakıda Qırğız Ticarət Evində keçirilən tədbir Qırğızıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Mərasimdə Qırğızıstanın aparıcı iş adamları, diplomatlar, yerli ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Qırğız Ticarət Evində ölkənin zəngin təbii sərvətlərini, milli dəyərlərini və istehsal potensialını əks etdirən müxtəlif məhsullar nümayiş etdirilir.
Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamytkanov bildirib ki, Ticarət Evinin fəaliyyətinin əsas məqsədlərdən biri iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin genişləndirilməsidir.
“İqtisadi əlaqələr vasitəsilə siyasi və humanitar münasibətlərimizi də möhkəmləndiririk. Bu, vətəndaşlarımız arasında mübadilə üçün daha geniş imkanlar yaradacaq, turizmin inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradacaq”, – səfir qeyd edib.

Maksat Mamytkanov Azərbaycan və Qırğızıstan sahibkarları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, daha çox qırğızıstanlı iş adamının Azərbaycana gətirilməsi, onların yerli sahibkarlarla tanış edilməsi biznes üçün yeni perspektivlər aça bilər.
Qeyd edək ki,Qırğızıstandan yola çıxan “Dostluq karvanı” artıq Azərbaycan çatmaq üzrədir. Sözügedən karvan vasitəsi ilə gətirilən qida və tekstil sənayesinin istehsalı olan yüksək keyfiyyətli məhsullar Türk Ticarət Mərkəzinin xətti ilə ən uyğun qiymətə bazara çıxarılaraq dünyanın müxtəlif ölkələrinə satılacaq.

