Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanın xarici siyasətində yeni geosiyasi mərhələnin başlanğıcını ifadə edir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, Azərbaycan Avropa ilə münasibətlərini yeni strateji məzmun üzərində inkişaf etdirir. Bu münasibətlərin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır.
Müasir beynəlxalq münasibətlər sistemində enerji artıq iqtisadi resurs anlayışını aşaraq geosiyasi təsir alətinə çevrilib. Enerji marşrutlarına nəzarət, təchizatın dayanıqlılığı və etibarlı tərəfdaşlıq dövlətlərin xarici siyasətində həlledici amillər sırasındadır. Azərbaycan uzun illər ərzində həyata keçirdiyi ardıcıl enerji siyasəti nəticəsində Avropanın enerji təhlükəsizliyində mühüm yer tutan ölkələrdən birinə çevrilib.
Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Söhbət yalnız yeni ixrac bazarının açılmasından getmir. Bu addım Azərbaycanın Avropanın enerji təhlükəsizliyində məsuliyyətli və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Hazırda Azərbaycan qazının Avropa İttifaqına üzv on ölkəyə çatdırılması, neft ixracının davam etməsi və yaşıl enerji sahəsində yeni əməkdaşlıq perspektivlərinin formalaşması ölkənin enerji diplomatiyasının geniş coğrafiyanı əhatə etdiyini göstərir. Enerji siyasətinin ən mühüm xüsusiyyəti onun etimada əsaslanmasıdır. Beynəlxalq enerji bazarında tərəfdaş seçimi təkcə iqtisadi meyarlarla müəyyən edilmir, burada siyasi sabitlik, müqavilə öhdəliklərinə sadiqlik, uzunmüddətli etibar və təhlükəsiz logistika əsas rol oynayır. Azərbaycan illər ərzində bütün öhdəliklərini vaxtında yerinə yetirməklə bu etimadı formalaşdırıb. Almaniya ilə enerji əməkdaşlığının genişlənməsi də həmin etimadın praktik nəticəsidir.
Enerji diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən əsas istiqamətlərdən birinə çevrilib. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən strateji tərəfdaş kimi qəbul olunur. Bu status Azərbaycanın siyasi çəkisini artırır, Avropa ilə iqtisadi əlaqələri dərinləşdirir və ölkənin beynəlxalq qərarların qəbulunda rolunu gücləndirir. Enerji sahəsində əldə olunan uğurlar nəqliyyat və logistika imkanları ilə tamamlanır. Orta Dəhlizin inkişafı, Azərbaycanın Şərqlə Qərb arasında etibarlı tranzit məkanı kimi mövqeyinin möhkəmlənməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin edilməsi ölkəni Avrasiyanın strateji mərkəzlərindən birinə çevirib. Belə bir geosiyasi mərhələdə bir qrup ünsürün xarici platformalarda Azərbaycanın milli maraqlarına uyğun gəlməyən davranışlar sərgiləməsi dövlətçilik məsuliyyəti ilə uzlaşmır. Dövlətin beynəlxalq nüfuzu siyasi polemikanın yox, ümummilli maraqların ayrılmaz tərkib hissəsidir.
Almaniyaya rəsmi səfər bir daha təsdiqlədi ki, Azərbaycan Avropa üçün enerji təminatçısı olmaqla kifayətlənmir, etibarlı siyasi tərəfdaş, regional sabitliyin dayaqlarından biri və yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Bu reallıq ölkənin artan beynəlxalq nüfuzunun, milli maraqlara söykənən xarici siyasətinin və güclü dövlətçilik ənənələrinin məntiqi nəticəsidir.
Sadiq Qurbanov,