Litvanın
Baş naziri İnqa Ruqinienenin, Latviya
Prezidenti Edqars Rinkeviçsin və Ukrayna
Prezidenti Volodimir Zelenskinin ardınca Çexiya
Respublikasının Baş naziri Andrey Babiş də Azərbaycana
rəsmi səfərə gəlib.
Səfər bir çox baxımdan diqqət çəkir. Ümumiyyətlə, Çexiya–Azərbaycan münasibətləri hazırda inkişaf dinamikası ilə seçilir. İki ölkə arasında iqtisadi, siyasi, diplomatik və enerji sahələrində yüksək əlaqələr mövcuddur.
Praqa ölkəmizin Avropadakı ən etibarlı tərəfdaşlarındandır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib: “Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir”.
Çexiyanın Baş naziri Andrey Babiş də Prezident İlham Əliyevlə mətbuata bəyanatında qeyd edib: “Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bizim çox səmimi dostluq münasibətlərimiz var”.
Həqiqətən də, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi münasibətlərin “kağız üzərində” yox, real əməkdaşlıq modelinə çevrildiyini göstərdi. Hazırda isə əlaqələr inkişaf etməkdədir.
Amma bütün bu siyasi etiamadın arxasında daha vacib bir faktor dayanır – iqtisadi dinamika və maraqlar. Belə ki, Çexiyanın baş naziri tək gəlməyib. Onunla birlikdə gələn iş adamları səfərin real məqsədini açıq göstərir. Məsələ investisiya, konkret layihələr və pul dövriyyəsidir. Qəbələdə Prezident İlham Əliyev və baş nazir Andrey Babişin iştirakı ilə Azərbaycan–Çexiya biznes-forumunun keçirilməsi bu baxımdan diqqət çəkir.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqına üzv ölkələrdir. O cümlədən, Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Bu, mühüm detaldır, çünki rəsmi Bakı ildən-ilə Avropanın etibarlı enerji təminatçısı kimi mövqeyini sabitləşdirir. Sərfəli qiymət strategiyası və siyasi ambisiyalardan uzaq enerji siyasəti bu ölkələri məmnun edir.
Lakin bütün bunlara baxmayaraq, son illərdə energetika sahəsində dəyişən yanaşma diqqət çəkir. Çexiya uzun illər Azərbaycan neftinin alıcılarından biri olub. Amma indi maraq yalnız xam neftdə deyil. Bərpaolunan enerji, hidrogen, enerji səmərəliliyi – bunlar artıq danışıqların əsas mövzusuna çevrilir. Bu isə o deməkdir ki, münasibətlər “sat–al” modelindən çıxıb, birgə istehsal və texnoloji əməkdaşlıq mərhələsinə keçir.
Naxçıvanda planlaşdırılan 500 MVt-lıq günəş elektrik stansiyası kimi layihələr də təsadüfi deyil. Bu tip layihələr göstərir ki, Avropa şirkətləri Azərbaycanı artıq yalnız resurs mənbəyi yox, investisiya meydanı kimi görür.
Digər tərəfdən, ticarət dövriyyəsi 800 milyon dollardan çoxdur. Bu, tərəflərin bir-birinə güvənini ifadə edən konkret göstəricidir. Çexiyanın Azərbaycanın əsas ixrac tərəfdaşlarından birinə çevrilməsi isə Bakının Avropa bazarında mövqeyinin genişləndiyini açıq şəkildə ortaya qoyur.
Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də Avropa üçün sabit tərəfdaş və yeni layihələrin qurulduğu platformaya çevrilir. Qəbələdə keçirilən görüşlər, geniş biznes heyətləri və dəyişən enerji gündəliyi bunu açıq şəkildə göstərir.
Müəllif: Turan Rzayev