Prezident İlham Əliyevin Vyetnam səfərinin əsas hədəfi nədir?-TƏHLİL

Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir. Ölkə başçının bu səfəri indiki məqmada diqqət çəkir.
Prezidentin Vyetnama səfəri təsadüfi deyil. Məhz rəsmi Hanoyun dəvəti əsasında baş tutub. Belə ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam 2025-ci il mayın 7-də Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etmişdi. 19-21 noyabr tarixlərində baş tutan hazırkı rəsmi səfər məhz həmin dəvətin reallaşmasıdır.
Azərbaycan və Vyetnam coğrafi olaraq bir birinə uzaq olsalar da, tarixi baxımdan köklü və səmimi münaisbtələrə malikdirlər. Belə ki, iki ölkə arasında dostluq münasibətlərinin əsası hələ ötən əsrin 50-ci illərində qoyulub. 1959-cu ildə Vyetnamın tarixi lideri Ho Şi Minin Bakıya səfəri iki xalq arasında əlaqələrin inkişafında mühüm mərhələ olub. Həmin səfər zamanı Azərbaycanın zəngin neft sənayesi təcrübəsi Vyetnam tərəfinin marağına səbəb olmuşdu. Sonrakı illərdə azərbaycanlı mütəxəssislər Vyetnamın neft-qaz sənayesinin inkişafında iştirak edib, minlərlə vyetnamlı gənc isə Azərbaycanda təhsil alaraq müxtəlif ixtisaslara yiyələnib.
Bu münasibətlərin inkişafında ümummili lider Heydər Əliyevin xüsusi rolu olub. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama rəsmi səfər həyata keçirib. Səkkiz gün davam edən səfər Hanoydan Hoşimin şəhərinədək ölkənin müxtəlif bölgələrini əhatə edib. Səfər çərçivəsində iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Heydər Əliyevin Falay İstilik Elektrik Stansiyasına səfəri və Vyetnamın energetika potensialının inkişafına verilən diqqət həmin dövrün əməkdaşlığının konkret nümunələrindəndir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu dostluq ənənəsi davam etdirildi. 23 sentyabr 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər quruldu. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri münasibətlərin inkişafında yeni mərhələlər oldu. Xüsusilə 2025-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması tarixi dostluğun müasir siyasi və iqtisadi əməkdaşlığa çevrilməsini rəsmiləşdirdi.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Vyetnama səfəri 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin konkret layihələrlə möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Səfərdə iqtisadiyyat, energetika, müdafiə, nəqliyyat və digər sahələrə məsul şəxslərin təmsil olunması da geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 150 milyon dolları ötüb. Bununla belə, iqtisadi potensial nəzərə alınarsa, bu göstəricini artırmaq üçün imkanlar kifayət qədər genişdir. Vyetnamın istehsal və ixrac imkanları, Azərbaycanın isə enerji resursları və əlverişli tranzit mövqeyi tərəflər arasında yeni iqtisadi əməkdaşlıq istiqamətləri yaradır. Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağı da bu baxımdan diqqətəlayiqdir.
Energetika münasibətlərin ənənəvi dayaqlarından biridir. Sovet dövründə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafına verdiyi töhfələr bu gün SOCAR–PetroVietnam əməkdaşlığı ilə davam edir. 2025-ci ildə imzalanmış memorandum neft-qaz yataqlarının işlənməsi, texniki xidmət və mütəxəssis hazırlığı sahələrində əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, yaşıl enerji sahəsində də əməkdaşlıq perspektivləri mövcuddur.
Nəqliyyat və logistika da mühüm istiqamətdir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutları üzrə imkanları Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün alternativ yol yarada bilər. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit yükdaşımalarının altı dəfə artaraq 8 min tonu keçməsi bu istiqamətdə potensialın reallaşmağa başladığını göstərir.
Siyasi müstəvidə isə tərəfləri suverenlik və ərazi bütövlüyü prinsiplərinə ortaq yanaşma, eləcə də beynəlxalq platformalarda əməkdaşlıq birləşdirir. Humanitar əlaqələr, təhsil və mədəniyyət sahəsində onilliklər ərzində formalaşmış ənənələr də münasibətlərin möhkəm əsasını təşkil edir.
Nəticə etibarilə, səfərin əsas hədəfi tarixi dostluq və siyasi etimadı daha geniş iqtisadi əməkdaşlığa çevirməkdir. Strateji tərəfdaşlığın real nəticəsi isə ticarətin artması, investisiya layihələrinin həyata keçirilməsi və nəqliyyat-energetika əlaqələrinin genişlənməsi ilə ölçüləcək.
Müəllif: Turan Rzayev