Bir müddət bundan əvvəl Ermənistanın ombudsmanı Arman Tatoyanın Misirin böyük oxucu kütləsi olan qəzetlərindən biri “Almasry-alyoum”da Azərbaycanın ünvanına özündə əsassız ittiham və yalanları ehtiva edən yazısı dərc olunmuşdu. Məqalədə Azərbaycan ordusunun Qarabağda ermənilərə qarşı cinayətlər törətməsi, ermənilərin yaşadıqları bir sıra əraziləri yandırması barədə yalan məlumatlar yer almış və bununla bağlı Ermənistanın beynəlxalq qurumlar qarşısında məsələ qaldıracağı qeyd olunmuşdu.
Arman Tatoyanın eyni qəzetdə dərc olunan digər bir məqaləsində isə Azərbaycan erməni əsirlərlə beynəlxalq hüquqa zidd davranışda, onlara işgəncə verməkdə, normal qidalanmaq, yaralı əsirlərin müalicəsi üçün şərait yaratmamaqda ittiham olunurdu.
Erməni məkri, yalanı və saxtakarlığı hər iki yazıda özünü açıq göstərirdi.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi vasitəsilə qəzetin redaksiyasına Azərbaycanın mövqeyini əks etdirən yazı təqdim edib. Deputat həmin məqalədə irəli sürülən ittihamların yalan, şər və böhtan olduğunu konkret faktlarla əsaslandırıb.
Deputatın yazısında əsirlərə qarşı cinayəti məhz Ermənistanın törətdiyi, bu günə kimi Ermənistanın 3000-dən artıq Azərbaycan vətəndaşının taleyi barədə hər hansı məlumat təqdim etmədiyi, bu gün də Ermənistanda azərbaycanlılara qarşı düşmənçiliyin və nifrətin təbliğ edildiyi xüsusi vurğulanıb.
Məqalədə həmçinin, Ermənistanın bu günə kimi minalanmış ərazilərin dəqiq xəritəsini Azərbaycana vermədiyi, Amerika Birləşmiş Ştatlarının və Rusiya Federasiyasının vasitəçiliyi ilə erməni əsirlərin Ermənistana qaytarılması müqabilində verilən xəritələrin dəqiq olmadığı, bu səbəbdən yüzlərlə Azərbaycan vətəndaşının minaya düşərək həyatını itirdiyi və yaralandığı, Ermənistanın bu addımının beynəlxalq hüquqa zidd olduğu, bölgədə həyata keçirilən abadlıq və quruculuq işlərinə, vətəndaşlarımızın öz doğma dədə-baba yurdlarına tez bir zamanda qayıdışına ciddi çətinliklər yaratdığı xüsusi qeyd edilib.
Həmçinin məqalədə, Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyasına maneçilik törətdiyi, işğal dövründə Ermənistanın Azərbaycan ərazilərini vəhşicəsinə talan və istismar etdiyi, işğal nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla zərər dəydiyi də qeyd edilib.
“Almasry-alyoum” qəzeti Azərbaycan tərəfinin rəsmi mövqeyini əks etdirən məqaləyə sonrakı sayında geniş və ətraflı yer ayırıb.