”44 günlük Vətən müharibəsinin canlı əfsanələri”-FOTOLAR

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə Mingəçevir Dövlət Dram Teatrında 8 noyabr – Zəfər Gününə həsr olunan ”44 günlük Vətən müharibəsinin canlı əfsanələri” mövzusunda tədbir keçirilib.

Kanal32.az-a verilən məlumata görə,tədbirdə MDU-nun əməkdaşları, tələbə və magistrantları, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin, 14 saylı tam orta məktəbin, 12 saylı “Şəfa” körpələr evi-uşaq bağçasının müəllim və şagird kollektivi üzvləri iştirak ediblər.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında  MDU-nun rektoru Şahin Bayramov çıxış edib.

Tədbir iştirakçılarını salamlayan rektor Ş.Bayramov, ilk növbədə, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb.

44 günlük Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazdığını vurğulayan Ş.Bayramov möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, vətənpərvər, qəhrəman Azərbaycan əsgəri və zabitlərinin mühüm pay sahibi olduğunu qeyd edib.

Bildirilib ki, işğal altında olan torpaqlarımızı azad etməklə otuz illik yurd həsrətinə son qoyan və şəhidlik zirvəsinə ucalaraq adlarını qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk edən igid vətən övladları heç zaman unudulmayacaq və onların əziz xatirəsi daim yad ediləcəkdir.

Sonra Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimi Zülfiyyə Hacıyevanın ifasında “Qarabağ” adlı musiqi səsləndirilib.

Tədbirdə çıxış edən MDU-nun qazi məzunları, Vətən müharibəsində iştirak etmiş tələbə və əməkdaşları tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından bəhs edib, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn əsgər yoldaşları ilə bağlı xatirələrini bölüşüblər və onların qəhramanlıqlarından danışıblar.

Tədbir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimləri İsa Müseyibov və Səttar Orucovun ifasında vətənpərvərlik mövzusunda səsləndirilən musiqilərlə davam edib, Gəncənin məhşur Saz ifaçısı Ceyhun Məmmədov öz ifası ilə rəng qatıb.

Mingəçevir şəhər 14 saylı tam orta məktəbin və 12 saylı “Şəfa” körpələr evi-uşaq bağçasının şagirdləri tarixi Zəfərə həsr olunan müxtəlif şeir və kompozisiyalar təqdim ediblər.

Tədbir MDU  tələbələrinin təqdimatında “44 gündə yazılan dastan” adlı səhnəciyin nümayiş etdirilməsi ilə sona çatıb.Tədbirdən sonra MDU rektoru Ş.Bayramov universitetin qazi məzunları və tələbələri ilə görüşüb və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Kanal32.az