Əhməd Əbdo Tərabik: Azərbaycanda həyata keçirilən ardıcıl islahatlar döyüş meydanında Qələbənin təməlini qoydu
Son illər Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən ardıcıl islahatlar ölkənin hərbi gücünü artırıb və döyüş meydanında Qələbənin təməlini qoyub. İndi müzəffər Azərbaycan Silahlı Qüvvələri nəinki Cənubi Qafqazda, həmçinin Asiya regionunda ən qüdrətli ordulardan biridir.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində misirli tədqiqatçı və jurnalist Əhməd Əbdo Tərabik söyləyib.
O əlavə edib: “Bu yaxınlarda hazırladığım “Azərbaycanda inkişafa yeni baxış” analitik məqaləmdə də qeyd etdiyim kimi, ötən il erməni işğalçıları üzərində qazanılmış böyük Qələbənin rəhni məhz ölkənizin iqtisadi qüdrəti və düşünülmüş islahatlar olub. Hazırda işğaldan azad edilmiş torpaqların yenidən qurulması, onların gələcək inkişafının təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan hökumətinin əsas hədəfi infrastrukturun bərpası və əhalinin öz doğma evlərinə qaytarılmasıdır. Bu ərazilərin böyük iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə, dayanıqlı inkişafı təmin etmək üçün bütün işlər vahid proqram əsasında həyata keçirilir.
İşğaldan azad edilmiş torpaqlarda yeni Qarabağ iqtisadi zonasının yaradılması zəngin tarixi-mədəni irsə, füsunkar təbiətə malik olan bu bölgənin yenidən qurulması və sürətli inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə Qarabağ yaxın gələcəkdə ölkənin inkişafına mühüm töhfələr verəcək. Ermənistanla sərhəddə Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da eyni inkişaf məqsədlərinə xidmət edir”.
Müstəqil Azərbaycanın inkişaf yoluna qədəm qoyması tarixindən danışan Ə.Tərabik deyib: “1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev iri xarici neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və yeni neft strategiyası işlənib hazırlandı. Həmin dövrdə Azərbaycanın zəngin neft yataqlarının işlənilməsi üçün xarici şirkətlərlə danışıqlara başlanıldı, “Əsrin müqaviləsi” imzalandı. Bu zəruri addımlar sayəsində hazırda Cənubi Qafqazda ÜDM-nin 70 faizi Azərbaycanın payına düşür. Bundan sonra Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri həyata keçirildi. TANAP və TAP kimi böyük transmilli layihələr, son illər geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən və “Şahdəniz 2” layihəsinin reallaşdırılması böyük neft strategiyasının məntiqi davamıdır. Bu nəhəng layihələr Azərbaycanın iqtisadiyyat və enerji sahəsində mühüm tərəfdaş kimi dünyada mövqeyini möhkəmləndirir, digər tərəfdən də ölkənin gələcəkdə neft və qaz ixracından əhəmiyyətli gəlirlər əldə etməsini təmin edir”.
Tədqiqatçı bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycana təkcə iqtisadi sahədə deyil, həm də siyasi-diplomatik sahədə çoxlu böyük və mühüm faydalar gətirdi. Belə ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, hazırda Qoşulmama Hərəkatına sədrlik edir. Son onilliklərin sürətli inkişafı nəticəsində keçmişdə beynəlxalq humanitar yardım alan ölkə, indi donora çevrilib və böhranla üzləşən yoxsul dövlətlərə kömək edir. Azərbaycan, həmçinin COVID-19 pandemiyası ilə mübarizə üçün Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə bağışlayıb.
Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda davamlı sülh və inkişaf üçün böyük imkanların yarandığını deyən Əhməd Əbdo Tərabik qeyd edib: “Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində də bildirib ki, əgər Ermənistan Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazi bütövlüyünə hörmətlə yanaşarsa, əlbəttə ki, regionda uzun müddətli və davamlı sülh olacaq. Azərbaycanın dövlət başçısı bildirib ki, buna nail olmaq üçün konkret təkliflər masa üzərindədir və Zəngəzur dəhlizinin açılması, ticarət əlaqələrinin bərpası bütün tərəflərin maraqlarına uyğundur.
Mən bu yaxınlarda Qarabağa səfər etdim. Bu torpaqlarda ermənilərin törətdikləri dağıntıların canlı şahidiyəm. O ərazilərdə aparılan tikinti-quruculuq işlərinin miqyasını da təsəvvür edə bilirəm. Azərbaycan dövləti bu istiqamətdə nəhəng işlər aparır. Eyni zamanda, Türkiyə, Macarıstan, İtaliya, Böyük Britaniya, İsrail, Pakistan, Cənubi Koreya, Çin, Yaponiya və Rusiya şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. Prezident İlham Əliyev bəyan edib ki, Qarabağ bölgəsi günəş, külək və su mənbələri ilə zəngin olduğu üçün bərpa olunan enerjidən geniş istifadə olunacaq. Azərbaycanın bu ərazilərində qabaqcıl texnologiyalara əsaslanan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçiriləcək. Düşünürəm ki, ərəb ölkələrinin investorların da bu mühüm prosesdə fəal iştirak edəcəklər. Artıq onlar tərəfindən konkret təkliflər irəli sürülüb.
Sonda demək istəyirəm ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı Qələbə regional əməkdaşlığa güclü təkan verib. Yeni geosiyasi reallıq yaranıb və bu əlverişli şəraitdən istifadə edərək Cənubi Qafqazın sülh və sabitlik məkanına çevrilməsini təmin etməyin vaxtı çatıb”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə