Kəlbəcər sakinlərinin vətən həsrəti, Müzəffər Ordumuzun qəhrəmanlığı və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində bitmişdir. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, siyasi-diplomatik yolla düşmən tapdağından azad edilmiş və tarixi ədalət bərpa olunmuşdur. Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində kəlbəcərlilərin öz doğma yurdlarına köçürülməsi prosesi mərhələli şəkildə davam edir. İlk sakinlərin qayıdışı ilə Kəlbəcərin qədim kəndləri və dağları yenidən canlanır, bu torpaqlara əbədi sülh və həyat qayıdır desək, yanılmarıq.
Uşaqlığının ən gözəl illərini Kəlbəcər rayonunun Abdullauşağı kəndində keçirən müsahibimiz tanınmış telejurnalist, keçmiş məcburi köçkün, politoloq İnqilab Şirinli bizimlə müsahibəsində öz arzularının gerçəkləşməsi sevincini bizimlə bölüşüb.İnqilab Şirinli deyir ki, Şərqi Zəngəzuru-Kəlbəcəri tərk edəndə cəmi 15 yaşı vardı. İllər ötüb, həyat davam edib. İnqilab müəllim isə uşaqlıq illərində ayrıldığı doğma torpağa bu dəfə öz övladları ilə geri dönəcək. 30 illik həsrətə son qoyulub.
İnqilab müəllim doğma torpaqlarda gələcəyə böyük ümidlə baxdıqlarını vurğulayıb. Bildirib ki,kəndi tez-tez gedib ziyarət edirlər:” Biz illərlə bu günün həsrətini çəkdik. İndi isə həmin arzunun gerçəkləşməsinin sevincini yaşayırıq,ən böyük arzumuz gənclərimiz,övladlarımız bundan sonra dədə-baba torpaqlarımızda firavan həyat sürsünlər”.
Qeyd edək ki,Kəlbəcər rayonunun Abdullauşağı kəndinin sakinləri ermənilər tərəfindən dağıdılmış tarixi körpünü şəxsi vəsaitləri və fiziki imkanları hesabına tam bərpa ediblər.İnqilab Şirinli bu barədə bizə geniş məlumat verib.
Videomüsahibəyə aşağıdakı linkdə baxa bilərsiniz:
https://www.youtube.com/watch?v=i6VvkPw1ZUU&t=465s
Onun sözlərinə görə, sakinlər bərpa etdikləri körpünü kəndin tarixi ilə əlaqədar “Şahsevənlər körpüsü” adlandırıblar. Həmçinin kəndin giriş hissəsində fərqli formatda kəndin tarixini əks etdirən tanıtım simvolu quraşdırılıb.

Bundan başqa, erməni vandallığı nəticəsində dağıdılmış kənd qəbiristanlığında da sakinlər tərəfindən abadlıq işləri aparılıb.
Qeyd edək ki, Abdullauşağı kəndinin tarixi kökləri Güney Azərbaycanın Ərdəbil mahalından gələn Şahsevən tayfası ilə bağlıdır.
Kənd sakinləri bildiriblər ki, bu addımları dövlətimizin “Böyük Qayıdış” strategiyasına dəstək olmaq, doğma torpaqlara qayıdışı təşviq etmək və kəndin tarixi-mədəni irsini yaşatmaq məqsədi daşıyır.


Esmira Hidayətova,
Mingəçevir