İordaniya mətbuatında bu ölkənin Azərbaycanla əlaqələrinə həsr olunmuş məqalə yayımlanıb

İordaniyanın “Əl Ənbat”, “Cohina” informasiya portalları və “Nayruz” informasiya agentliyinin saytında bu ölkənin Azərbaycanla əlaqələrinə həsr olunmuş məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu məqalədə Azərbaycan-İordaniya əlaqələrinin tarixindən bəhs olunur. Müəllif vurğulayır ki, iki ölkə arasındakı münasibətlər tarixi köklərə və ortaq dəyərlərə bağlıdır. İordaniya 1991-ci il dekabrın 28-də Azərbaycanın müstəqilliyini tanıyıb və həmişə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Hazırda yüksək səviyyədə olan ikitərəfli əlaqələrin möhkəmlənməsində dövlət başçıları səviyyəsində səfərlərin mühüm rolu olub. 2019-cu il dekabrın 10-da İordaniya Kralı II Abdullanın Bakıya səfəri zamanı müxtəlif sahələrdə əməkdaşlıq haqqında 34 sənəd imzalanıb.

Yazıda diqqətə çatdırılıb ki, iki ölkə arasında əməkdaşlığın inkişafında səfirliklərin də fəaliyyəti diqqətəlayiqdir. İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Ğoşeh və ölkəmizin krallıqdakı səfiri Eldar Səlimov əlaqələrin möhkəmlənməsi istiqamətində çoxşaxəli fəaliyyət göstərirlər. Bu, media sahəsində də özünü göstərir. AZƏRTAC və İordaniyanın Petra xəbər agentliyi arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması qarşılıqlı informasiya mübadiləsini daha da gücləndirib. Bundan başqa, iki ölkədə mədəniyyət günlərinin və birgə sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək birgə layihələr də gündəmdədir.

Məqalədə Azərbaycanın İordaniyadakı səfiri E.Səlimovun İordaniya Biznesmenlər Assosiasiyasının prezidenti Həmdi Əl Təbbaa ilə iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etməsi, iordaniyalı iş adamlarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası, ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli neft-qaz və kommunikasiya layihələri barədə məlumat verməsi diqqətə çatdırılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə