Jalə Əhmədova: Qubadlının işğaldan azad edilməsi müharibənin taleyinə böyük təsir göstərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Bildirmək istəyirəm ki, Qubadlının azad olunması müharibənin gedişatında çox mühüm hadisə idi. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və qısa müddətdə Laçının cənub hissəsində yerləşən ərazilərimizi də azad etdik. Beləliklə də Laçın dəhlizi bizim nəzarətimizə keçdi və bu, müharibənin taleyinin həll edilməsi demək idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.

Deputat bildirib ki, Qubadlı rayonunun işğalı nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

“Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Ermənilər şəhərdə güclü istehkamlar qurmuş, yüksəkliklərdə yerləşmişdilər. Qubadlını azad etmək üçün, ilk olaraq yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Belə çətin şəraitdə həyata keçirilən Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və qəhrəmanlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı və qəhrəmanlığı göstərərək əvvəlcə şəhərə nəzarət edən yüksəklikləri azad etdi, sonra isə ətrafdakı kəndlər, Xanlıq qəsəbəsi və nəhayət, Qubadlı şəhəri düşməndən təmizləndi. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla Xanlıq qəsəbəsində yerləşdirilmişdilər ki, bu da ermənilərin hərbi cinayətlərindən biri idi. Çünki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş sayılır. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində çox önəmli hadisə olmaqla yanaşı, böyük Qələbəmizi daha da yaxınlaşdırdı. Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə xalqımız şəhidlər verdi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilərək Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15189 hərbi qulluqçumuz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bu medalla təltif edildilər. Həmin tarixi gündən 1 il vaxt keçsə də, hər bir azərbaycanlı o həyəcanlı günləri yaxşı xatırlayır. 2020-ci ilin 25 oktyabr günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş hadisə kimi daim yaddaşlarda yaşayacaq”.