İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu-TƏHLİL

   Qloballaşma ilə kapital hərəkətlərinin artması xarici investisiyaların dövlətlərin iqtisadi inkişaf strategiyalarında əhəmiyyətli rol oynamasına səbəb olmuşdur. Qloballaşma fenomeni son yarım əsrdə beynəlxalq iqtisadi münasibətlərin təbiətini kökündən dəyişdirərək kapitalın, malların, xidmətlərin və texnologiyanın sərhədlərarası hərəkətini adi hala gətirmişdir. Bu transformasiya prosesində xarici investisiyalar dövlətlərin inkişaf siyasətinin əsas komponenti kimi ortaya çıxmışdır. Xüsusilə, birbaşa xarici investisiyalar yalnız kapital axınını stimullaşdırmaqla yanaşı, həm də bilik ötürülməsini, iş yerlərinin yaradılmasını və iqtisadi artımı təşviq edən bir vasitə kimi qəbul edilir. Qloballaşma prosesi ilə kommunikasiya, informasiya və logistika texnologiyalarında baş verən yeniliklər və inkişaflar insanlar arasında daha çox qarşılıqlı əlaqəyə səbəb olmuşdur. Bu qarşılıqlı əlaqələr tez-tez sosial, mədəni və xüsusilə iqtisadi formalarda müşahidə olunur. İqtisadi qarşılıqlı əlaqənin ən inkişaf etmiş forması birbaşa xarici investisiyalar vasitəsilə baş verir. Xarici birbaşa investisiyalar (XBİ) bu gün ölkələrin iqtisadi inkişafında və böyüməsində mühüm rol oynayan alətlərdən biridir. Xarici birbaşa investisiyalar iqtisadiyyata kapital axını şəklində fiziki resurslar təmin etməklə yanaşı, biznes bacarıqları və institusional infrastruktur, məşğulluq, rəqabət qabiliyyəti, daha yüksək ixrac və beynəlxalq bazarlara və beynəlxalq valyutalara çıxış kimi son dərəcə vacib üstünlüklər təklif edir.

Azərbaycan ixrac yönümlü böyümə strategiyasını tətbiq etməklə istehsalını və ixracını artırdı, geniş bazarlara çıxışı, ixtisaslı işçi qüvvəsi, liberal qaydalar və bir çox digər üstünlükləri olan bir ölkəyə çevrildi. İxracatın sürətli artımı və nəticədə yaranan iqtisadi transformasiya xarici kapitalı cəlb etdi və  Azərbaycan xarici investisiya təşviq sistemi vasitəsilə regionda beynəlxalq kapital üçün ən çox üstünlük verilən investisiya mərkəzlərindən birinə çevrildi. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin  Sərəncamında deyilir:

Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.Bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olmuşdur. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) başa çatıb. İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik  mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Hesab edirəm ki, xüsusilə bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir. Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi. Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Digər amil isə bizim maliyyə sistemimizin çox güclü olmasıdır və sizin də qeyd etdiyiniz kimi, bizim çox aşağı dövlət borcumuz var – 20 faiz. Lakin bu göstərici daxili borcla birlikdədir. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və əslində biz onu bir gündə sıfırlaya bilərik. Çünki bizim valyuta ehtiyatlarımız xarici borcumuzu demək olar ki, 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manat idi, 2017-ci ilin aprelində belə idi və bu gün də belədir və belə də olmağa davam edəcək. Çünki bizim yaxşı ticarət balansımız var.

İnvestisiyalar. Neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrə hələ də heç toxunulmayıb. Heç bir söz də dəyişdirilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Beləliklə, hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Hesab edirəm ki, xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olmuşdur. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu başa çatıb, 10,8 mlrd. dollarlıq 23 sənəd imzalanmışdır. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir. Xarici investorların investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir.

s.e.f.d., dos. Murtəza Həsənov 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı