Qətər mətbuatı bu ölkənin Azərbaycanla əməkdaşlığının inkişafından yazıb

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Bakı şəhərində keçirilmiş 3-cü iclası, tədbir çərçivəsində baş tutmuş görüşlər və ictimaiyyətə verilmiş açıqlamalar bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, ingilis dilində nəşr olunan nüfuzlu “Peninsula” qəzeti, rəsmi QNA agentliyi, “Əl-Şərq”, “Raya”, “Əl-Vatan”, “Əl-Arab” və “Luseyl” nəşrlərində yayımlanan materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin Qətərin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi, dövlətimizin başçısının iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini vurğulaması diqqətə çatdırılıb.

Yazılarda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun qətərli həmkarı ilə müzakirələr apardığı, nazirlərin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş” imzaladıqları qeyd olunub.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə