Qətərin “Əl Şərq” qəzetində “Azərbaycan-Qətər əlaqələri: dostluqdan strateji tərəfdaşlığa” sərlövhəli məqalə dərc olunub.
Publika.az xəbər verir ki, azərbaycanlı şərqşünas Həşim Məmmədovun müəllifi olduğu məqalədə islam aləmi ilə əlaqələrin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib.
Bildirilib ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq mövcuddur. Dünyanın ən sürətli iqtisadi inkişaf tempinə malik olan Qətərlə əlaqələrin qurulması hələ Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövründə başlayıb. Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al-Tani arasında möhkəm dostluq münasibətləri var. Qətər Dövlətinin başçısı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib.
Məqalədə Azərbaycan ilə Qətər arasında diplomatik əlaqələrin qurulmasından sonra iki dost ölkənin sıx əməkdaşlığının tarixindən, diplomatik nümayəndəliklərinin fəaliyyətindən, həyata keçirilən müxtəlif tədbirlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Al-Hinzab Azərbaycanın və Qətərin nüfuzlu media orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə edib. Qətərli diplomat Gəncə və Şuşaya səfərləri zamanı da Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri qınayan fikirlər səsləndirib.
Bundan başqa, Qətərin məşhur “Əl Cəzirə” telekanalı Azərbaycanın haqq səsini dünyaya çatdıran çox sayda reportajlar hazırlayıb.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərindəki çıxışında işğalçı Ermənistanın İslam aləmi ilə əməkdaşlıq bəyanatlarına dair sitatı diqqətə çatdırılıb:
“Ermənistan müsəlman ölkələri ilə heç vaxt dost ola bilməz. Axı bu müqəddəs məscidi bu günə qoyanlarla necə dost olmaq olar? Bu, riyakarlıqdır! Ermənistanla dost olan müsəlman ölkələri öz xalqları qarşısında cavab versinlər”.