Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Bu gün Beynəlxalq Ahıllar Günüdür
BMT-nin Baş Məclisinin ahılların müdafiəsi ilə bağlı 1992-ci ildə qəbul etdiyi qətnaməyə əsasən 1 oktyabr tarixi bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Ölkəmizdə isə bu əlamətdar gün 1993-cü ildən qeyd olunur. Azərbaycan xalqının mental təfəkküründə yaşlı insanlara hörmət etmək xüsusi yer tutur. Bu qrupdan olan insanlar xalqımız və dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub (22 iyun 2001-ci il). Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də davam edir. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Qeyd olunanlarla yanaşı, Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan verib. Sosial sahədə aparılan bu islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir.
Həssas sosial qrupa aid olan ahıllarla bağlı danışarkən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdən bəhs etməmək mükün deyil. Xüsusi ilə uşaqlar və ahıllara münasibətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın davamlı və məqsədyönlü siyasəti dövlətimizin həyata keçirdiyi sosial dövlət prioritetlərinin gerçəkləşməsində böyük əhəmiyyət daşıyır. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də yaşlı nəslin nümayəndələri üçün mütəmadi olaraq tədbirlər təşkil edir, kimsəsiz uşaq və ahılların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili baxımından layihələr həyata keçirir, bu kateqoriyadan olan insanları daimi diqqət və qayğı mərkəzində saxlayır. Fond tərəfindən dəfələrlə onlara əyləncəli proqramlar təşkil edilmişdir.
Pandemiya dövründə Amerikada və Avropada ölümlə üzləşən on minlərlə ahıl insanın ölümünün şahidi olduq. Lakin həmin dövrdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edilmişdir. Həmçinin, xüsusi ilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilmişdir.
Dövlətin həyata keçirdiyi uğurlu sosial siyasətlə yanaşı milli dəyərlərimizin ahıllara münasibətdə həssaslığını xüsusi qeyd etmək lazımdır. “ Qocaya hörmət elə, sən də qocalacaqsan” atalar sözü də bu mənanı özündə gözəl şəkildə ehtiva edir.
Əziz ahıllar Sizi Beynəlxalq Ahıllar Günü münasibəti ilə təbrik edirəm! Tanrının nəzərləri həmişə üstünüzdə olsun!