İordaniyanın qədim Ceraş şəhərində 35-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəqs Ansamblı Ceraş şəhərinin mərkəzi meydanında milli rəqslərimizi təqdim edib. İncəsənət ustalarının konserti meydana toplaşan iordaniyalılar və Azərbaycan icmasının üzvləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, 11 gün davam edəcək festivalda ərəb ölkələrinin 70-dən artıq müğənni və folklor qruplarının çıxışları olacaq. Bundan başqa, Yaxın Şərqin tanınmış şair və yazıçılarının əsərlərindən ibarət ədəbiyyat və poeziya axşamları da təşkil olunacaq. COVID-19 pandemiyası ilə bağlı Ceraş şəhərində ciddi təhlükəsizlik tədbirləri görülüb, tamaşaçılar və iştirakçılar üçün vaksin sertifikatı tələbi qoyulub.
Azərbaycan Dövlət Rəqs Ansamblı 10 il əvvəl İordaniyada keçirilmiş Azərbaycan Mədəniyyət Günlərində də iştirak etmişdi.