Vətən müharibəsinin ildönümü ərəfəsində Mingəçevir şəhərində Şəhidlərimizin xatirəsinə ağackmə aksiyası keçirilib.
Şəhid valideynlərinin iştirakı ilə dörd Şəhidin yaşamış olduğu məhəllədə və Mingəçevir yüksək Texnologiyalar Parkının yaxınlığındakı ərazidə ağac əkmə prosesinə yerli İcra Hakimiyyətinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, digər dövlət qurumlarının nümayəndələri,qazilər və YAP Gənclər Birliyinin könüllüləri qatılıblar.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev “Mingəçevir işıqları” qəzetinin müxbiri ilə söhbətində bildirib ki, Əliağa Vahid 2, Nəriman Nərimanov 33 və 41, İsmət Qayıbov 2 ünvanlarında İcra Hakimiyyəti başçısı İlham İsmayılov şəhid Elcar Abbasov, Qurban Əhmədov, Pərviz Tağıyev və Məhəmməd Məmmədlinin ailə üzvləri ilə görüşüb, onları narahat edən problemlərlə maraqlanıb: “Valideynlərlə birgə ağac əkən başçı dedi ki, biz 44 günlük müharibədə Böyük Qələbəni şəhid və qazı olan əsgərlərimizin qanı bahasına qazandıq. Şəhidlik zirvəsinə ucalan bu oğullarımızın ruhu şaddır, çünki düşməndən qisas alınıb, torpaqlarımız azad olunub, başımızı dik tuturuq”.
Ağacəkmə aksiyası Mingəçevir Yüksək Texnologiyalar Parkının arxasındakı ərazidə də davam edib. İcra başçısı gələcəkdə həmin yeri əhalinin istirahət parkına çevirmək üçün müvafiq qurumların rəhbərlərinə elə oradaca tapşırıqlarını verib.
Qeyd edək ki, aksiya Mingəçevir şəhər icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilib.
Kanal32.az