Qobustan rayonunun Cəyirli kəndində, o cümlədən rayonun digər bir neçə kəndində su ilə bağlı həqiqətən çox ciddi problem var və bu problem illərdir hökm sürür. Qobustan rayonundan deputat Şahin Seyidzadə virtualaz.org-a açıqlamasında Cəyirli kəndinin sakinlərinin bu qızmar yay günlərində susuzluqdan əziyyət çəkməsi, qurd basmış sudan istifadə etməyə məcbur olduqları haqda şikayətlərinə münasibət bildirərkən belə deyib.
Susuzluqdan qovrulan Cəyirli kəndi
Xəbər verdiyimiz kimi, bu günlərdə Cəyirli kəndinin sakinləri toplaşaraq üzləşdikləri dramatik vəziyyətlə bağlı şikayətlərini sosial şəbəkələr üzərindən çatdırıblar. Kəndin sakinləri virtualaz.org-a deyir ki, onlar illərdir yayda su qıtlığından əziyyət çəkirlər, son illər isə vəziyyət lap dözülməz olub. Sovet dövründə kəndə çəkilmiş su boruları sonradan sıradan çıxıb, kimlərsə boruları doğrayıb aparıb, nasosla kəndə suyun vurulduğu yeraltı su hovuzları istifadəsiz qalıb və dağılıb.
Kəndin ətrafında, bir neçə kilometrliyində bulaqlar olsa da oradan Cəyirliyə içməli suyun çəkilməsi üçün sakinlərin “Azərsu” ASC-yə etdiyi çoxsaylı müraciətlərə laqeyd, formal cavablar verilib. Heç bir tədbir görülməyib, heç olmasa kənddə artezian quyuların qazılması üçün addım atılmayıb və indi sakinlər hər bir neçə gündən bir içməli suyu maşınla (20 manatdan) alırlar, bu su isə bir neçə gün qalanda xarab olur və qurdlayır. Üstəlik heç də hamının hər bir neçə gündən bir maşınla su almağa imkanı da yoxdur, Cəyirlidə Qobustanın əksər kəndlərində olduğu kimi, çoxları kasıb yaşayır.
“Sakinlərin şikayətləri tamamilə haqlıdır. Təkcə Cəyirlidə yox, Qobustanın daha bir neçə kəndində su yoxdur. Nəinki içməli su, heç suvarma suyu da yoxdur. Bu il Qobustanda taxıl yığımı üzrə yüksək göstərici qeydə alınıb, amma məhsuldarlıq yağan mövsümi yağışların sayəsində yüksək olub. Yəni taxıl sahələrinin suvarılması mümkün deyil, su yoxdur. Kəndlilər gərək əllərini göyə açıb Allaha dua etsinlər ki, yağış yağsın və onların taxılı yanmasın”,-deputat Ş.Seyidzadə bildirib.
O deyir ki, Milli Məclisin üzvü kimi təmsil etdiyi seçicilərin bu ağır problemini dəfələrlə aidiyyatı strukturların, o cümlədən “Azərsu” ASC-nin regional su-kanal idarəsinin qarşısında qaldırıb, çoxsaylı məktublar göndərib. Görüşlər keçirib, o cümlədən bu ilin aprel ayında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla (ölkənin ən korrupsioner məmurlarından olan Q.Hüseynov bu yaxınlarda vəzifəsindən azad edilib,-red.) görüşüb. Amma nəticəsi olmayıb.
“Mən Qorxmaz Hüseynovla görüşdüm, bir saata yaxın Qobustan kəndlərinin, o cümlədən Cəyirli və Xılmılı kəndlərinin susuzluqdan necə əziyyət çəkdiyini izah etdim. Doğrudur, verilən cavablar ümumi, formal xarakter daşıyırdı, büdcə, layihələndirmə ilə bağlı məsələlərdən, daimi su mənbələrinin olmamasından danışılırdı, amma ümid yaranmışdı ki, nəhayət “Azərsu” ASC bu problemin həlli üçün nəsə iş görəcək. Təəssüf ki, bu günədək heç bir iş görülməyib. Yazdığımız məktublara cavab verirlər, amma cavab vermək problemi həll etmək deyil. Sakinlərə su lazımdır, o da ki, yoxdur”,-deputat əlavə edib.
Şahin Seyidzadə bildirir ki, problemi rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovla da bir neçə dəfə müzakirə edib. İcra başçısı da öz növbəsində “Azərsu” ASC-yə müraciət edib, problemi çatdırıb.
Deputatın dediyinə görə, seçicilərdən aldığı yüzlərlə müraciətin 5 faizdən çoxu ancaq su problemi ilə bağlıdır. Bu da Qobustan kəndlərində su probleminin nə dərəcədə ciddi xarakter daşıdığını göstərir. “Cəyirlidə isə həqiqətən faciəvi vəziyyətdir, insanların şikayətləri haqlıdır. Çünki onlar yaşayış üçün əsas mənbələrdən biri-su ilə təmin olunmaq istəyir. Həqiqətən belədir ki, susuzluq problemi Qobustan kəndlərindən miqrasiyaya təsir göstərir, insanlar təsərrüfatlarını becərə bilmirlər, şəhərə üz tuturlar”,-o deyir.
Şahin Seyidzadə bildirib ki, məsələnin ictimailəşməsindən sonra bir daha “Azərsu” ASC-yə müraciət edəcək, problemi digər mərkəzi strukturlar qarşısında qaldırmağa çalışacaq. Payızda Milli Məclis işə başlayanda da məsələni gündəmdə saxlayacaq.
Deputat qeyd edib ki, Qobustan kəndlərinin hər birinin həllini gözləyən problemləri üzrə ayrılıqda arayışlar hazırlayıb və orada su problemi mərkəzi yer tutur.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə virtualaz.org-a bildirib ki, həqiqətən Cəyirli kəndindən onlara əvvəllər dəfələrlə müraciətlər edilmişdi. A.Cəbrayıllı məsələnin bu cür ictimailəşməsindən sonra sakinlərin şikayətini “Azərsu” ASC-nin aidiyyatı şöbələrinə yönəltdiyini deyir.
Əlbəttə, sakinlərinin şikayətlərinin bir daha “Azərsu” ASC-nin məsul şəxslərinin masalarına qədər gedib çatması pis deyil, ölkənin su təchizatı operatorunun nəhayət bu problemin həlli üçün nəsə iş görəcəyinə dair zəif də olsa, ümidlər yaradır. Amma Cəyirli kəndində kifayət qədər dramatik vəziyyət hökm sürür və sakinlər, onların ev heyvanları susuzluqdan özlərinin yerli ləhcə ilə dedikləri kimi, “qırılıb gedirlər…”
Virtualaz.org