İsti gecələr: yüksək temperatur orqanizmin bərpasına niyə mane olur?

Biz istini əsasən gündüz saatlarının problemi kimi qəbul edirik. Lakin orqanizm üçün gecə temperaturu da çox vacibdir. Məhz yuxu zamanı bədən temperaturu tədricən aşağı düşür və orqanizm bərpa prosesinə keçir.

Copernicus İqlim Dəyişmələri Xidmətinin məlumatlarına əsaslanan yeni qlobal araşdırma göstərir ki, ən isti gecələr xüsusilə sürətlə istiləşir. 1970-ci illərdən etibarən ilin ən isti 10 gecəsində hiss olunan minimal temperatur hər onillikdə təxminən 0,32°C artıb.

Bu niyə vacibdir?

Yuxuya hazırlaşarkən bədən temperaturu təbii şəkildə azalır. Ətraf mühit çox isti olduqda isə orqanizmin istiliyi xaric etməsi çətinləşir. Nəticədə insan daha gec yuxuya gedə, gecə ərzində daha tez-tez oyana və yuxunun keyfiyyəti aşağı düşə bilər.

Elmi araşdırmalar göstərir ki, yüksək ətraf temperaturu yuxunun müddətinin azalması və yuxunun effektivliyinin pisləşməsi ilə əlaqəlidir.Keyfiyyətli yuxunun çatışmazlığı sinir sisteminə, diqqətə, əhval-ruhiyyəyə və fiziki fəaliyyət qabiliyyətinə təsir göstərə bilər. Eyni zamanda yüksək temperatur ürək-damar sisteminə əlavə yük yaradır və maye itkisini artırır.Xüsusilə ürək-damar xəstəlikləri olan insanlar, yaşlılar, uşaqlar və yüksək fiziki yükə məruz qalan şəxslər isti gecələrə daha diqqətli yanaşmalıdırlar.

Nə etmək olar?

İsti havalarda yalnız gündüz temperaturundan qorunmaq deyil, gecə normal yuxu üçün də şərait yaratmaq vacibdir:

  • otağı daha sərin saatlarda havalandırmaq;
  • gündüz saatlarında otağın həddindən artıq isinməsinin qarşısını almaq;
  • lazım olduqda kondisioner və ya ventilyatordan istifadə etmək;
  • yüngül geyim və yataq dəstlərinə üstünlük vermək;
  • gün ərzində kifayət qədər maye qəbul etmək;
  • yatmazdan dərhal əvvəl isti və havasız şəraitdə ağır fiziki məşqdən çəkinmək.

İsti gecə sadəcə komfort məsələsi deyil. Orqanizm normal şəkildə soyuyub temperaturunu tənzimləyə bilmədikdə, ən vacib bərpa proseslərindən biri — yuxu da zərər görə bilər.İqlim istiləşdikcə sağlamlığın qorunması yalnız gündüz saatlarında yüksək temperaturdan müdafiə olunmaq demək deyil.Bəzən ən sadə profilaktika — orqanizmə gecə normal şəkildə soyumaq və bərpa olunmaq imkanı verməkdir.

 

Mənbələr:

  • Copernicus İqlim Dəyişmələri Xidməti — Qlobal istilik stressinin güclənməsi və insanlara təsir dairəsinin genişlənməsi.
  • Nature Climate Change — Qlobal istilik stressinin güclənməsi və insanlara təsir dairəsinin genişlənməsi.
  • PubMed — İstiləşən dünyada ətraf mühit temperaturu və yuxu: sistematik
  • ABŞ Milli Səhiyyə İnstitutları (NIH) — Termal mühitin yuxu və sirkadiyan ritmə təsiri.

 

Müəllif: Fəxri Həsənov,

reabilitoloq