MDU-nun tələbələrindən ümumrespublika bilik yarışında uğurlu nəticə-FOTOLAR

20 noyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib.

KANAL32.az-a verilən məlumata görə,Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarışda ölkənin 50 ali təhsil müəssisəsini təmsil edən komandalar iştirak edib. Mingəçevir Dövlət Universitetinin (MDU) komandası yekun nəticələrə əsasən V yeri tutub.

Yarışın məqsədi tələbələrin Azərbaycan tarixi, Ümummilli Lider Heydər Əliyevin həyat yolu, fəaliyyəti və dövlətçilik irsi haqqında biliklərini dərinləşdirmək, onları bu mövzularda müstəqil araşdırmaya təşviq etmək olub. Yarış tələbələrə biliklərini komanda şəklində tətbiq etmək və müxtəlif ali təhsil müəssisələrinin təmsilçiləri ilə ünsiyyət qurmaq imkanı yaradıb.

MDU-nu yarışda Arif Salmanlı (komanda rəhbəri), Aysun Yusibova, Şəbnəm Məmmədova, Arzu Quliyeva, Ziba İsgəndərli, Zeynəb İsmayılova, Hüseyn Bayramov və Elçin Hüseynov təmsil ediblər.


Komandanın formalaşdırılmasına və tələbələrin yarışa sistemli hazırlanmasına MDU-nun Pedaqoji fakültəsi və Humanitar fənlər kafedrası dəstək göstərib. Müəllimlərin hazırlıq prosesindəki əməyi tələbələrin Azərbaycan tarixi üzrə biliklərini möhkəmləndirməsinə və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməsinə töhfə verib.

Mingəçevir Dövlət Universiteti komanda üzvlərini qazandıqları nəticə münasibətilə təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzulayır və hazırlıq prosesində əməyi olan müəllimlərə təşəkkürünü bildirir.