Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Mingəçevir şəhərinin 78-ci ildönümü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Kanal32.az-ın məlumatına görə,təltifetmə mərasimi noyabrın 11-də Mingəçevir şəhərinin 78 illiyinə həsr olunmuş təntənəli tədbir çərçivəsində baş tutub.
Anar Eminovun Fəxri Fərmanla təltif olunması onun ali təhsilin inkişafı, Mingəçevir Dövlət Universitetinin fəaliyyətinin müasirləşdirilməsi, elmi və akademik potensialının gücləndirilməsi, eləcə də universitetlə şəhər ictimaiyyəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Qeyd edək ki, Anar Eminovun rəhbərliyi dövründə Mingəçevir Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Universitetin beynəlxalq qiymətləndirmələrdə əldə etdiyi nəticələr, yeni elmi-tədqiqat və innovasiya infrastrukturlarının yaradılması, eləcə də əmək bazarı ilə əlaqələrin inkişafı bu istiqamətdə aparılan fəaliyyətin göstəricilərindəndir.
Mingəçevir Dövlət Universitetinin şəhərin sosial-iqtisadi və intellektual inkişafında rolunun artırılması, yüksəkixtisaslı kadr hazırlığı və universitet–cəmiyyət əməkdaşlığının gücləndirilməsi də rəhbərliyin əsas fəaliyyət prioritetləri sırasındadır.
Rektor Anar Eminovun Mingəçevir şəhərinin 78-ci ildönümündə Fəxri Fərmanla təltif olunması universitet kollektivinin fəaliyyəti və ali təhsilin regionun inkişafına verdiyi töhfələr baxımından əlamətdar hadisədir.