MDU-da dəyirmi masa:Milli Dirçəlişdən müstəqilliyə və Zəfərə-FOTOLAR

Mingəçevir Dövlət Universitetində 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə “Milli Dirçəlişdən müstəqilliyə və Zəfərə: Azərbaycan xalqının azadlıq və dövlətçilik yolu” mövzusunda dəyirmi masa keçirilib.

Universitetin Heydər Əliyev Muzeyində təşkil olunan tədbirin əsas məqsədi Azərbaycan xalqının milli azadlıq mübarizəsinin tarixi əhəmiyyətini, milli özünüdərk və dövlətçilik ənənələrinin formalaşmasında Milli Dirçəliş hərəkatının rolunu, müstəqillik ideallarının qorunmasını və Azərbaycanın suverenliyinin tam bərpasına aparan tarixi inkişaf yolunu gənc nəslə aşılamaq olub.

Öncə Ümummilli lider Heydər Əliyev və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dəyirmi masanı giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Milli Dirçəliş Gününün Azərbaycan xalqının müasir dövlətçilik tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, 1988-ci ilin noyabrında başlanan milli azadlıq hərəkatı xalqımızın müstəqillik əzmini, milli birliyini və öz müqəddəratını müəyyənləşdirmək iradəsini nümayiş etdirən tarixi hadisələrdən biridir.

Rektor çıxışında Azərbaycan xalqının milli müstəqillik ideallarının gerçəkləşməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Qeyd edib ki, Heydər Əliyevin siyasi rəhbərliyi dövründə müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri formalaşdırılıb, ölkədə sabitlik təmin olunub, milli dövlətçilik ənənələrinin inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Anar Eminov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərin və ölkənin bütün ərazisində dövlət suverenliyinin bərpasının milli azadlıq mübarizəsinin idealları ilə tarixi bağlılığını diqqətə çatdırıb. Bildirib ki, xalqımızın milli dirçəlişdən müstəqilliyə, müstəqillikdən Zəfərə uzanan inkişaf yolu milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin və vətənpərvərlik ruhunun təcəssümüdür.

Rektor ali təhsil müəssisələrinin milli-mənəvi dəyərlərin qorunmasında, tarixi yaddaşın yaşadılmasında və gənclərin vətəndaşlıq mövqeyinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Bu baxımdan universitetdə keçirilən elmi-maarifləndirici tədbirlərin gənc nəslin milli kimlik, dövlətçilik və vətənpərvərlik dəyərləri əsasında yetişməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.

Daha sonra Azərbaycan xalqının milli azadlıq mübarizəsini və dövlət müstəqilliyinə gedən tarixi yolu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir proqramına uyğun olaraq MDU-nun müəllimi Leyla Babayeva “17 Noyabr – Milli Dirçəliş Günü: Azərbaycan xalqının milli oyanış və azadlıq mübarizəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə milli azadlıq hərəkatının yaranmasının tarixi səbəbləri, xalqın milli hüquqlar uğrunda mübarizəsi və bu proseslərin Azərbaycanın müstəqilliyinin bərpasına təsiri diqqətə çatdırılıb.

MDU-nun müəllimi Şəlalə Quliyeva “Azərbaycan xalqının azadlıq iradəsi və milli özünüdərk prosesi” mövzusunda məruzəsində milli kimliyin qorunması, ictimai həmrəyliyin güclənməsi və azadlıq ideyalarının Azərbaycan cəmiyyətinin siyasi və mənəvi inkişafındakı rolundan bəhs edib.

Universitetin müəllimi Gülər Əjdərzadə isə “1988-ci il milli azadlıq hərəkatı və Azərbaycan cəmiyyətində ictimai-siyasi dəyişikliklər” mövzusunda çıxış edərək həmin dövrdə baş verən ictimai-siyasi prosesləri, milli hərəkatın cəmiyyətin siyasi fəallığının artmasına təsirini və müstəqil dövlətçilik düşüncəsinin formalaşmasındakı əhəmiyyətini təhlil edib.

Məruzələrdə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin tarixi mərhələləri, milli birlik və həmrəylik ənənələri, eləcə də müasir Azərbaycanın dövlətçilik nailiyyətləri arasında tarixi bağlılıq xüsusi vurğulanıb.

Dəyirmi masa mövzu ətrafında aparılan müzakirələrlə davam edib. Müzakirələr zamanı milli dirçəliş ideyalarının gənc nəslə çatdırılması, tarixi yaddaşın qorunması, müstəqil dövlətçilik dəyərlərinin təbliği və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir Azərbaycan xalqının milli azadlıq mübarizəsinin tarixi irsinin yaşadılması, müstəqillik və suverenlik dəyərlərinin təbliği, eləcə də gənclərin milli dövlətçilik düşüncəsinin inkişafı baxımından əhəmiyyətli olub.