Konstitusiya və sosial ədalət: MDU-da insan hüquqları və sosial müdafiəyə həsr olunmuş tədbir keçirilib-FOTOLAR

Mingəçevir Dövlət Universitetində Konstitusiya Günü münasibətilə “Konstitusiya və sosial ədalət: İnsan hüquqlarının və sosial müdafiənin təminatı” mövzusunda tədbir keçirilib.

KANAL32.az-a verilən məlumata görə,tədbirin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının dövlətçilik tariximizdəki əhəmiyyətini, insan hüquq və azadlıqlarının qorunmasında, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsində və vətəndaşların sosial müdafiəsinin təmin edilməsində rolunu diqqətə çatdırmaq, gənclər arasında hüquqi maarifləndirməni təşviq etmək olub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov Konstitusiyanın müstəqil Azərbaycanın hüquqi və demokratik dövlət kimi inkişafında fundamental rolundan bəhs edib. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası ölkədə hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təminatının və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinin əsasını qoyub.

Anar Eminov vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik siyasətində insan amili, vətəndaşların hüquqlarının qorunması və sosial rifahının yüksəldilməsi mühüm yer tutub. Konstitusiyada Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsbit olunması, dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının, eləcə də layiqli həyat səviyyəsinin təmin edilməsi kimi müəyyənləşdirilməsi bu siyasətin mühüm hüquqi nəticələrindəndir. Rektor Konstitusiyanın sosial dövlət prinsiplərinin həyata keçirilməsi, təhsil hüququnun qorunması və cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Çıxışında ali təhsil müəssisələrinin hüquqi düşüncəyə, vətəndaş məsuliyyətinə və sosial ədalət dəyərlərinə malik gənc nəslin yetişdirilməsindəki roluna da toxunan rektor universitet mühitində insan hüquqlarına hörmət, inklüzivlik, bərabər imkanlar və qarşılıqlı məsuliyyət prinsiplərinin təşviqinin vacibliyini qeyd edib.

Daha sonra tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun hüquqşünası Polad Atayev “Hüquqi müstəvi” mövzusunda məruzəsində Konstitusiyanın hüquq sistemindəki ali hüquqi qüvvəsindən, vətəndaşların əsas hüquq və azadlıqlarından, onların müdafiəsinin konstitusion təminatlarından və sosial hüquqların hüquqi əsaslarından bəhs edib.

Humanitar fənlər kafedrasının müəllimi Leyla Babayeva “Konstitusiyanın tarixi” mövzusunda çıxış edərək Azərbaycanda konstitusiya quruculuğunun inkişaf mərhələləri, müstəqillik dövründə yeni Konstitusiyanın qəbul edilməsinin tarixi zərurəti və Heydər Əliyevin bu prosesdəki rolu barədə məlumat verib.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov isə “Psixoloji müstəvi” mövzusunda məruzəsində sosial ədalətin və insan hüquqlarına hörmətin fərdin psixoloji rifahına, cəmiyyətdə sosial münasibətlərin sağlam inkişafına, qarşılıqlı etimadın və sosial həmrəyliyin gücləndirilməsinə təsirini diqqətə çatdırıb.

Tədbirdə Konstitusiya dəyərlərinin təbliğinin, hüquqi maarifləndirmənin genişləndirilməsinin və sosial ədalət prinsiplərinə əsaslanan vətəndaş mövqeyinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.