Hər il noyabrın 10-da qeyd olunan Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü elmin bəşəri tərəqqidə, innovativ inkişafda, sülhün möhkəmləndirilməsində və qlobal çağırışların həllində oynadığı mühüm rolu bir daha gündəmə gətirir.
Bu münasibətlə açıqlama verən Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bildirib ki, müasir dövrdə universitetlərin missiyası yalnız yüksəkixtisaslı kadr hazırlamaqla məhdudlaşmır. Ali təhsil müəssisələri həm də yeni elmi biliklərin yaradıldığı, innovativ ideyaların praktik həllərə çevrildiyi və cəmiyyətin dayanıqlı inkişafına töhfə verən mühüm intellektual mərkəzlər kimi çıxış etməlidir.
“Elm yalnız bilik istehsal edən deyil, cəmiyyətin dayanıqlı gələcəyini formalaşdıran strateji qüvvədir. Bu gün güclü universitet modeli keyfiyyətli təhsil, rəqabətqabiliyyətli elmi tədqiqatlar, innovasiya və beynəlxalq əməkdaşlığın vəhdətinə əsaslanır. Biz Mingəçevir Dövlət Universitetində elmi fəaliyyəti institusional inkişafımızın əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişik. Məqsədimiz regionda elmi potensialın gücləndirilməsi, tədqiqat nəticələrinin real sektorun ehtiyaclarına uyğunlaşdırılması və universitetin beynəlxalq elmi məkana daha fəal inteqrasiyasına nail olmaqdır”, – deyə rektor vurğulayıb.
Anar Eminov qeyd edib ki, universitetdə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, akademik heyətin tədqiqat imkanlarının genişləndirilməsi, nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr fəallığının artırılması və gənc tədqiqatçıların dəstəklənməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.
Rektorun sözlərinə görə, MDU alimlərinin Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşdirilən jurnallarda, o cümlədən yüksək kvartilli nəşrlərdə elmi məqalələrinin dərc olunması universitetdə tədqiqat mədəniyyətinin inkişafını və beynəlxalq akademik görünürlüğün güclənməsini əks etdirir. Bu istiqamətdə əsas hədəf yalnız elmi nəşrlərin sayını artırmaq deyil, həm də tədqiqatların keyfiyyətini, istinad potensialını və praktik əhəmiyyətini yüksəltməkdir.
“Bizim üçün mühüm məsələlərdən biri elmi tədqiqatların cəmiyyətin və iqtisadiyyatın real ehtiyaclarına cavab verməsidir. Mingəçevir Azərbaycanın mühüm sənaye və enerji mərkəzlərindən biridir. Bu xüsusiyyət universitetimiz üçün enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri, ekoloji dayanıqlılıq, su ehtiyatlarının idarə olunması, rəqəmsal transformasiya və süni intellekt kimi istiqamətlərdə tətbiqyönümlü tədqiqatların inkişaf etdirilməsi baxımından geniş imkanlar yaradır. Biz bu potensialı universitet–sənaye əməkdaşlığı, birgə elmi layihələr və innovativ həllər vasitəsilə daha səmərəli dəyərləndirməyə çalışırıq”, – deyə Anar Eminov bildirib.
Rektor diqqətə çatdırıb ki, universitetdə müasir elmi-tədqiqat infrastrukturunun formalaşdırılması da prioritet istiqamətlərdəndir. Rəqəmsal mühəndislik, riyazi modelləşdirmə, günəş enerjisi və yaşıl texnologiyalar üzrə laboratoriya imkanlarının genişləndirilməsi tələbə və tədqiqatçıların praktiki bilik və bacarıqlarının inkişafına, multidissiplinar araşdırmaların təşviqinə yeni imkanlar açır.
O, həmçinin beynəlxalq elmi tərəfdaşlıqların genişləndirilməsinin, birgə tədqiqat proqramlarının, akademik mobilliyin və beynəlxalq qrant layihələrində iştirakın universitetin gələcək inkişafında xüsusi yer tutduğunu qeyd edib.
Anar Eminovun fikrincə, 2026-cı ildə MDU-nun QS Stars beynəlxalq qiymətləndirmə sistemində ümumilikdə 4 ulduz, dörd istiqamət üzrə isə ən yüksək – 5 ulduz nəticəsi əldə etməsi, eləcə də UI GreenMetric beynəlxalq reytinqində Azərbaycan üzrə 6-cı yerdə qərarlaşması universitetdə aparılan institusional yenilənmənin və dayanıqlı inkişaf yanaşmasının beynəlxalq səviyyədə görünürlüğünü artırır.
“Universitetin uğurunu yalnız reytinq göstəriciləri ilə ölçmürük. Bizim üçün əsl nəticə aparılan tədqiqatların yeni bilik yaratması, iqtisadiyyata və cəmiyyətə fayda verməsi, gənclərin elmi yaradıcılığa cəlb olunması və innovasiya mühitinin davamlı inkişafıdır. Gələcəyin universiteti elmi nəticələrini laboratoriya və auditoriya çərçivəsindən çıxararaq sənayeyə, istehsalata və insanların gündəlik həyatına daşımağı bacaran universitetdir. Mingəçevir Dövlət Universitetinin inkişaf istiqamətini də məhz bu yanaşma müəyyənləşdirir”, – deyə rektor əlavə edib.
Anar Eminov Dünya Elm Günü münasibətilə elmi ictimaiyyətin nümayəndələrini, tədqiqatçıları, professor-müəllim heyətini və gənc alimləri təbrik edərək bildirib ki, elmin inkişafına yönəlmiş hər bir təşəbbüs ölkənin intellektual potensialının gücləndirilməsinə, innovasiya əsaslı iqtisadiyyatın formalaşmasına və daha dayanıqlı gələcəyin qurulmasına mühüm töhfədir.
Aynur Araz