Quba Soyqırımı Memorial Kompleksi tərəfindən paytaxtın ümumtəhsil müəssisələrində 8 Noyabr – Zəfər Günü, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri və “Mədəni irs: dünən və bu gün” mövzularında maarifləndirici tədbirlər və sərgilər təşkil olunub.
KANAL32.az AzərTac-a istinadla xəbər verir ki, layihə çərçivəsində 176 nömrəli tam orta məktəbdə, İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə, Məmməd İsmayıl oğlu Cuvarlinski adına 52 nömrəli tam orta məktəbdə, eləcə də Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyində tədbirlər keçirilib.
Tədbirlərdə Soyqırımı Memorial Kompleksinin əməkdaşları Abutalib Turabov və Xəyal Nuhbalayev, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş mütəxəssisi Asya Əhmədova, məktəblərin rəhbər şəxsləri, müəllimlər və şagirdlər iştirak ediblər.

“Mədəni irs: dünən və bu gün” mövzusunda məruzələrdə işğal dövründə Azərbaycan xalqına məxsus tarixi və dini abidələrin, məscidlərin, ziyarətgahların, muzey və kitabxanaların dağıdılması və talan edilməsi diqqətə çatdırılıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, dağıdılmış abidələrin yenidən qurulması, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlərdən danışılıb.
Çıxışlarda xalqımızın tarix boyu məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin kökləri, bu siyasətin ağır nəticələri, günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsi, doğma yurdlarından didərgin salınması və maddi-mədəni irsimizin məhv edilməsi məsələlərinə toxunulub. Qeyd edilib ki, Quba şəhərində aşkar edilmiş kütləvi məzarlıq həmin qanlı hadisələrin canlı şahidi olmaqla yanaşı, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyır.
Tədbirlərdə 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbə barədə də məlumat verilib. Gənc nəslin bu tarixi hadisələri dərindən öyrənməsinin və onların əhəmiyyətini dərk etməsinin vacibliyi vurğulanıb.
Məktəblərdə təşkil olunan sərgilərdə soyqırımı hadisələrini əks etdirən arxiv materialları, fotoşəkillər və tarixi sənədlər nümayiş etdirilib. Şagirdlər sərgilərlə yaxından tanış olub, mövzularla bağlı suallarını tədbir iştirakçılarına ünvanlayıblar. 20 nömrəli məktəb-liseydəki Heydər Əliyev Muzeyində təşkil olunan sərgiyə gün ərzində mindən çox şagird baxış keçirib.
Tədbirlərdə şagirdlər də Vətən, Zəfər və şəhidlər mövzularında çıxışlar ediblər. Məktəb rəhbərləri belə maarifləndirici görüşlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, tarixi yaddaşın qorunmasında və milli-mənəvi dəyərlərə hörmətin aşılanmasında mühüm rol oynadığını bildiriblər.

