Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan briqada generalı, hərbi strateq, analitik və yazıçı, dr. Osman Qazi Kandemirin Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı “İndependent Türkçe”də dərc olunan “Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan” məqaləsini təqdim edir:
Otuz ildən çoxdur ki, “iki dövlət, bir millət” ifadəsi Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin həm tərifi, həm də təminatı rolunu oynayır. Bu ifadə iki xalq arasındakı duyğusal yaxınlığı dəqiq əks etdirir. Lakin şüarlar münasibətlərin mahiyyətini izah etmir, sadəcə onlara legitimlik qazandırır. Bu gün verilməli olan sual fərqlidir: Azərbaycan gücləndikcə və xarici siyasətdəki əhatə dairəsini genişləndirdikcə, bu münasibətlərin məntiqi necə dəyişir?
Türkiyə-Azərbaycan münasibətləri səssiz, lakin dərin bir transformasiyadan keçir. Biz kimlik və həmrəyliyə əsaslanan asimmetrik strukturdan hər iki tərəfin öz maraqlarını nəzərə aldığı daha balanslı tərəfdaşlığa doğru irəliləyirik. Bu, zəifləmə deyil, yetkinləşmə prosesidir. Lakin məsələ ondadır ki, hələ heç bir ölkə bu transformasiyanı konseptual şəkildə müəyyən etməyib və münasibətlər köhnə ritorika ilə idarə olunmağa davam edir.
Ağabəydən (“Böyük qardaş”dan) müttəfiqə doğru
Müstəqilliyin ilk illərindən 2020-ci ilə qədər münasibətlərin xarakteri aydın idi. Türkiyə himayəçi “ağabəy” (“böyük qardaş”), Azərbaycan isə ərazisinin beşdə birini itirmiş və mühasirəyə alınmış “kiçik qardaş” rolunda idi. 1993-cü ildə Kəlbəcərin işğalından sonra Türkiyənin Ermənistanla sərhədi bağlamaq qərarı bu dövrün əsas simvoluna çevrilmişdi. Bakının xarici siyasəti vahid bir hədəfə köklənmişdi və Ankara həmin hədəfə çatmaqda ən etibarlı dayaq nöqtəsi idi.
2020-ci il müharibəsi münasibətlərin təbiətini dəyişdi. Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları, həmçinin hərbi təlim və məsləhət dəstəyi Azərbaycanın qələbəsində həlledici rol oynadı. Bundan əlavə, 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı və ilk dəfə olaraq qarşılıqlı yardım müddəasını özündə ehtiva etdi. Asimmetriya qalmaqda davam etsə də, tərəfdaşlıq artıq kağız üzərində də təsbit olunmuşdu.
Əsas dönüş nöqtəsi 2023-cü ilin sentyabrında baş verdi. Qarabağ məsələsi hərbi yolla həll edildikdən sonra Azərbaycanın otuz il ərzində daşıdığı strateji yük aradan qalxdı. Bu mərhələdə güc balansında diqqətçəkən bir dəyişiklik başladı. Bakının Türkiyəyə olan strateji ehtiyacı azaldı. Türkiyənin enerji, nəqliyyat dəhlizləri və Türk dünyasına çıxış baxımından Azərbaycana olan ehtiyacı isə azalmadı, əksinə, daha da artdı.
Asimmetriya azaldıqca
Beynəlxalq münasibətlər üzrə elmi ədəbiyyat bu transformasiyanı anlamaq üçün iki faydalı yanaşma təklif edir. Birincisi, Brantli Vomakın (Brantly Womack) asimmetriya nəzəriyyəsidir. Vomak vurğulayır ki, daha güclü tərəf münasibətlərə daha az, zəif tərəf isə qat-qat çox diqqət yetirir. Güclü tərəf üçün bu münasibətlər gündəlikdəki bir çox məsələdən sadəcə biridir; zəif tərəf üçün isə həyati əhəmiyyət kəsb edir. Diqqət səviyyəsindəki bu fərq sistemli yanlış təsəvvürlər yaradır. Güclü tərəf zəif tərəfin müstəqil addımlarını nankorluq kimi qiymətləndirdiyi halda, zəif tərəf güclü tərəfin laqeydliyini təhqiramiz münasibət kimi qəbul edir.
Vomaka görə, sabitliyin düsturu zəif tərəfin hörmət nümayiş etdirməsi və güclü tərəfin onun muxtariyyətini tanımasından ibarətdir.
2009-cu il Sürix Protokolları bu qavrayış fərqinin bariz nümunəsidir. Ankara Ermənistanla normallaşmanı özünün regional təşəbbüslərinin bir hissəsi kimi qiymətləndirdiyi halda, Bakı eyni addımı xəyanət aktı kimi qəbul edirdi.
İkinci yanaşma Qlenn Snayderin “ittifaq təhlükəsizliyi dilemması” adlandırdığı məsələdir. Müttəfiqlər bir yandan tərk edilməkdən, digər tərəfdən tərəfdaşlarının hərəkətləri ucbatından istənilməyən gərginliklərə cəlb olunmaqdan ehtiyat edirlər; bu iki qorxu bir-biri ilə tərs mütənasibdir. Öhdəliyin gücləndirilməsi tərk edilmə riskini azaldır, lakin arzuolunmaz münaqişəyə cəlb olunma riskini artırır. Məhz buna görə də Şuşa Bəyannaməsindəki qarşılıqlı yardım müddəası Türkiyə üçün yeni bir strateji hesablamanı ifadə edir.
Fərqli üstünlüklər
İsrail bunun ən bariz nümunəsidir. Türkiyə 2024-cü ilin may ayında İsraillə ticarəti dayandıraraq sərt mövqe tutdu. Azərbaycan isə İsraillə enerji və müdafiə sahəsindəki əlaqələrini davam etdirir. İsrailin neft idxalının əhəmiyyətli bir hissəsi Azərbaycandan gəlir və bu neft Türkiyə ərazisindən – Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə nəql olunur. Bu vəziyyət iki paytaxtın regional təhlükələrlə bağlı qavrayışlarının nə dərəcədə fərqli ola biləcəyini açıq şəkildə nümayiş etdirir.
İkinci nümunə Rusiyadır. Ankara Moskva ilə balanslı və nəzarət altında saxlanılan münasibətlər yürüdür. Lakin Bakı 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra daha sərt mövqe tutdu. Kremlə qarşı nümayiş etdirilən bu açıq mövqe o demək idi ki, Azərbaycan artıq özünü Rusiyanın təsir dairəsində hesab etmir.
Üçüncü – və bəlkə də ən vacib nümunə Vaşinqtondur. 2025-ci ilin avqustunda Ağ Evdə paraflanmış sülh sazişi və onunla əlaqəli “Sülh və Rifah naminə Tramp Beynəlxalq Marşrutu” (TRIPP) – Naxçıvan əlaqəsini ABŞ-ın birbaşa iştirak etdiyi bir arxitekturaya çevirdi. İllər ərzində Türkiyə Zəngəzur dəhlizinin əsas təşviqçisi olmuşdur. Bəs bu gün Ankara bu marşrutun formalaşdırılmasında mərkəzi rol oynayır, yoxsa sadəcə kənarda qalır? Bu sual açıq şəkildə verilməlidir.
Mərkəzi Asiya da diqqətdən kənarda qalmamalı olan digər bir sahədir. Azərbaycan Mərkəzi Asiya liderləri ilə məsləhətləşmə görüşlərində iştirak etməklə Azərbaycan Türkiyənin daxil olmadığı bir əməkdaşlıq kanalı açmışdır. Bunu rəqabət əlaməti kimi qiymətləndirmək şişirtmə olardı. Bununla belə, bu vəziyyət Türk Dövlətləri Təşkilatı daxilində rolların necə bölüşdürüləcəyi ilə bağlı sual doğurur.
Tarixi paralellik
Soyuq müharibə dövründə Qərbi Almaniya ilə ABŞ arasında oxşar bir vəziyyətin şahidi olmuşduq. Villi Brandt 1969-cu ildən etibarən Şərq Blokuna qarşı müstəqil siyasət yürütməyə başlayanda Vaşinqtonda ciddi narahatlıqlar yaranmışdı. Bonnun öz yolunu müəyyənləşdirməsi müttəfiqlik münasibətlərinə sədaqətsizlik kimi qiymətləndirilə bilərdi. Nəticədə, müttəfiqlik zəifləmədi; əksinə, daha da gücləndi. Bunun səbəbi hər iki tərəfin fikir ayrılıqlarını gizlətmək əvəzinə, onları məsləhətləşmə mexanizmləri vasitəsilə idarə etməyi seçməsi idi.
Bu bənzətmə mövcud vəziyyəti anlamaq üçün faydalıdır. Müttəfiqin daha çox muxtariyyətə doğru addım atması avtomatik olaraq müttəfiqliyi sarsıtmır. Müttəfiqliyi sarsıdan məqam muxtariyyətə yönələn bu addımın müzakirə edilməməsi və idarə olunmamasıdır.
İmkanlar da eyni dərəcədə əhəmiyyətlidir
Mənzərəyə yalnız fikir ayrılığı olan sahələr prizmasından baxmaq yanlış olardı. İki ölkə arasındakı qarşılıqlı asılılıq heç vaxt olmadığı qədər dərindir. STAR neft emalı zavodu və “Petkim” kimi investisiyalar sayəsində SOCAR Türkiyədəki ən böyük xarici investorlardan biri kimi çıxış edir. TANAP Avropaya nəql olunan Azərbaycan qazı üçün əsas dayaq rolunu oynayır. “Orta Dəhliz”in gələcəyi hər iki xalq üçün ortaq maraq kəsb edən məsələdir. Eyni zamanda, müdafiə sənayesindəki əməkdaşlıq qarşılıqlı etimadın ən bariz göstəricisi olaraq qalır.
Ermənistanla normallaşma məsələsinə gəldikdə isə ilk dəfə olaraq əsl imkan pəncərəsi açılıb. İllər ərzində Ankara Ermənistanla münasibətlərini Bakının müəyyən etdiyi qrafikə uyğunlaşdırmışdı. Sülh prosesi irəlilədikcə, hər iki paytaxt ilk dəfə olaraq həmrəylik içində hərəkət edə bilər. Daha müstəqil və özünə əmin olan Azərbaycan Türkiyənin yükünü artıran deyil, gücünü artıran bir tərəfdaşa çevrilə bilər.
Türkiyə üçün qarşıdakı yol
Mənim fikrimcə, ilk addım münasibətləri kimlik dilindən təsisat (institut) dilinə keçirməkdir. Hazırda Türkiyə-Azərbaycan münasibətləri əsasən liderlər arasındakı şəxsi əlaqələrə söykənir. Bu əlaqə güclü olsa da, institusional çərçivəni əvəz edə bilməz. Xarici siyasət, müdafiə və enerji sahələrində mütəmadi fəaliyyət göstərən strateji məsləhətləşmə mexanizmi, fikir ayrılıqlarının böhrana səbəb olmadan müzakirə edilə biləcəyi bir platforma təmin edərdi.
İkinci addım fikir ayrılığı olan sahələri gizlətmək deyil, onları idarə etməkdir. İsrail və Rusiya ilə bağlı fərqli mövqelər ictimai müstəvidə görməzdən gəlinsə, bir gün gözlənilməz bir böhran şəklində üzə çıxa bilər. Bu məsələləri əvvəlcədən müəyyən etmək və onların sərhədlərini birgə müəyyənləşdirmək daha ağıllı addım olardı.
Üçüncü addım TRIPP prosesində Türkiyənin roluna aydınlıq gətirməkdir. Naxçıvan əlaqəsi Türkiyə üçün tarixi bir hədəf idi. Əgər bu xəttin Türkiyənin öz dəmir yolu və avtomobil yolu layihələri ilə necə inteqrasiya olunacağı qeyri-müəyyən qalarsa, Ankara öz vizyonundan kənarda qalmaq riski ilə üzləşə bilər.
Nəticə
Qardaşlıq seçilməz, tərəfdaşlıq isə hər gün yenidən qurulur. Türkiyə ilə Azərbaycan arasındakı duyğusal bağ dəyişməyəcək; dəyişən şey, məhz bu bağ üzərində qurulmuş siyasi və strateji strukturdu. Azərbaycan artıq himayəyə ehtiyacı olan “kiçik qardaş” deyil, öz yolunu müəyyən edən və təsir dairəsini genişləndirən regional bir aktordur.
Türkiyə üçün əsl risk Azərbaycanın müstəqilləşməsi deyil.
Əsl risk Azərbaycanın müstəqilliyə doğru bu addımını Ankaranın sədaqət məsələsi kimi qiymətləndirməsi olardı.
Bu transformasiyanı düzgün anlayan Türkiyə qardaşını itirməyəcək, əksinə, daha güclü bir tərəfdaş qazanacaq.