Sentyabrın 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və mətbuat işçilərinin iştirakı ilə sağ sahil yaşayış massivində abadlıq işləri yekunlaşmış əraziyə ictimai baxış keçirib.
KANAL32.az-a verilən məlumata görə,Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq yaşayış binaları əsaslı təmir edilir, kanalizasiya xəttinin çəkilişi başa çatmış ərazilərdə asfaltlanma işləri aparılır, yeni işıqlanma sistemi quraşdırılır, park və xiyabanlarda yenidənqurma layihələri icra edilir, yaşıllıq sahələri genişləndirilir. Məlumat verilib ki, 163-cü məhəllədəki 6 çöxmənzilli binanın qarşısında və ətrafında abadlıq-quruculuq işləri başa çatıb.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən layihəyə əsasən məhəllədaxili yollara 2540 kubmetr, səkilərə 2250 kubmetr sahəyə asfalt örtüyü çəkilmiş, 1920 kubmetrlik ərazidə 15×30 sm en kəsikli, 917 kubmetrlik ərazidə isə 08×20 sm en kəsikli yeni səki daşlarının quraşdırılması işləri başa çatdırılıb. Binaların qarşısına kölgəliklər və oturacaqlar qoyulub, uşaqların əylənməsi üçün idman qurğuları yerləşdirilib. İşıqlanma İdarəsinin işçiləri tərəfindən əraziyə müasir elektrik xətti çəkilib, 50 ədəd işıqlanma dirəyi quraşdırılıb. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əmək adamları tərəfindən binaların qarşısına və məhəllədaxili ərazilərə 50 ədəd şam ağacı, 220 ədəd bəzək kolu əkilib, 220 poqonmetlik su xətti çəkilib. Vətəndaşların rahatlığının təmin olunması, asudə istirahət etməsi, uşaqların əylənməsi üçün gözəl şərait yaradılıb.

Qeyd etmək lazımdır ki, ötən illər ərzində şəhər İcra Hakimiyyətinin tədbirlər planına muvafiq olaraq onlarla bu cür layihələr uğurla icra olunub. Və bu işlər vətəndaşlar tərəfindən razılıqla qarşılanır.
Məhəllə sakinlərinin də iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, hər bir layihə cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilir. Bu dövlətimizin başçısının regionlara göstərdiyi diqqət və qayğının təzahürüdür. 40 il bundan əvvəl, elə sentyabr ayında ali məktəbi bitirib təyinatla Mingəçevirə gələndən sonra ayrı-ayrı idarə və müəssisələrdə müxtəlif vəzifələrdə işləmişəm. Şəhər rəhbəri kimi məsuliyyətim daha böyükdür, cənab Pezidentimizin tapşırıqlarını layiqincə yerinə yetirmək bizim başlıca vəzifəmizdir.

Vətəndaşların məmnunluğuna nail olmaq üçün idarə və müəssisələrin kollektivləri öz töhfələrini verirlər. Təbii ki, ictimaiyyət nümayəndələrinin fikir və təklifləri nəzərə alınır. Görüləcək işlərimiz çoxdur. Əsas məqsədimiz Mingəçeviri gözəlləşdirmək, nur şəhərinin hüsnünə yeniliklər əlavə etmək, insanların məmnunluq hisslərini artırmaqdır. Bu məqsədlə şəhərimizin mərkəzində və digər yaşayış massivlərində yeni layihələrin icrasını davam etdirməyi qarşıya məqsəd qoymuşuq. Yaradılan gözəlliyi qorumaq hər birimizin vəzifəsidir. Şəhərimizin gözəlləşməsində, insanların rahatlığının təmin olunmasında əməyi olan bütün xidmət müəssisələrinin, eyni zamanda digər təşkilatların kollektivlərinə fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, yeni mərhələdə işlərimiz daha geniş səhələri əhatə edəcəkdir.
Tədbir zamanı sakinlər görülən işlərə görə razılıqlarını ifadə edərək istək və arzularını bildiriblər.



