Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
KANAL32.az-a verilən məlumata görə,tədbirdən öncə hər iki teatrın nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyinə baş çəkərək, dahi rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Ardınca keçirilən rəsmi mərasimdə sənədə Akademik Milli Dram Teatrının direktorunun səlahiyyətlərini icra edən, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov imza atıblar.
Vurğulanıb ki, memorandumun imzalanması Bakı və Naxçıvan teatr mühitinin inteqrasiyası, eləcə də milli teatr sənətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sənəddə Bakı və Naxçıvanın regional kimliyini təmsil edən teatrlar arasında yaradıcı mübadilə, 21-ci əsrin yeni sənət platformalarının müzakirəsi, birgə tamaşa layihələrinin və festivalların təşkili, eləcə də forum və ustad dərslərinin keçirilməsi kimi mühüm bəndlər əksini tapıb.

İmzalama mərasimində Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov çıxış edərək bu sənədin Bakı ilə Naxçıvanın sənət mühiti arasında strateji körpü olduğunu, iki teatrın yaradıcı potensialını birləşdirərək gənc nəsil üçün yeni üfüqlər açacağını bildirib.
Qurulan əməkdaşlığı vacib hadisə kimi dəyərləndirən Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov vurğulayıb ki, bu tərəfdaşlıq Naxçıvan teatrının təkcə respublika miqyasında deyil, beynəlxalq festivallar müstəvisində də inteqrasiyasına və təmsil olunmasına böyük şans yaradır.
Rəsmi imzalama mərasiminin sonunda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub.
