İntihar yalnız bir insanın şəxsi faciəsi deyil, həm də ciddi ictimai sağlamlıq problemidir. Belə bir qərarın arxasında, bir qayda olaraq, tək bir səbəb deyil, psixoloji, sosial və həyat şəraiti ilə bağlı bir neçə amilin birləşməsi dayanır.
Statistik məlumatlar nə göstərir?
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatına əsasən, il ərzində ölkədə 305 intihar hadisəsi qeydə alınıb. Həmçinin intihara cəhdlə bağlı 19 480 məlumat daxil olub. Bu göstərici ayrı-ayrı şəxslərin sayı kimi qəbul edilməməlidir və onu təsdiqlənmiş intihar cəhdlərinin sayı ilə eyniləşdirmək düzgün deyil.
Azərbaycan Dövlət Statistika Komitəsi də intihar səbəbindən ölüm göstəricisini ayrıca statistik göstərici kimi aparır və məlumatların tibbi ölüm şəhadətnamələrinə əsasən kodlaşdırıldığını bildirir.
İnsan bu vəziyyətə niyə gəlib çıxa bilər?
Səbəb çox vaxt yalnız bir amillə bağlı olmur. Bir neçə problemin üst-üstə düşməsi riski artıra bilər:
– depressiya və digər psixi pozuntular;
– ağır emosional böhran;
– ailədaxili münaqişələr və zorakılıq;
– yaxın insanın itirilməsi;
– tənhalıq və sosial təcrid;
– ciddi maliyyə və ya iş problemləri;
– xroniki ağrı və ya ağır xəstəlik;
– alkoqol və ya narkotik maddələrdən istifadə;
– zorakılıq, travma və bullinq.
Bu səbəbdən problem yalnız müəyyən sosial təbəqəyə aid deyil. İntihar riski müxtəlif yaş, peşə və sosial statusa malik insanlarda yarana bilər.
Kimlər xüsusi diqqət tələb edir?
Xüsusilə yeniyetmələr və gənclər, ağır həyat böhranı yaşayan insanlar, eləcə də əvvəllər intihar düşüncələri və ya cəhdləri olmuş şəxslər diqqət mərkəzində olmalıdır.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intihar 15–29 yaşlı insanlar arasında əsas ölüm səbəblərindən biridir.Cinsə görə də fərqlər mövcuddur. Bir çox ölkələrdə kişilər intihar nəticəsində qadınlardan daha çox həyatını itirirlər. Bununla belə, intihar riski yalnız yaş və ya cinslə müəyyən olunmur. Təhlükəli vəziyyətə demək olar ki, hər bir ailədə yaşayan insan düşə bilər.
Hansı əlamətlərə diqqət etmək lazımdır?
İnsanın davranışında nəzərəçarpacaq dəyişikliklər xüsusilə ciddi qəbul edilməlidir:
– yaşamaq istəmədiyini və ya başqalarının onsuz daha yaxşı olacağını söyləməsi;
– getdikcə daha çox qapanması və ünsiyyətdən uzaqlaşması;
– əvvəllər sevdiyi fəaliyyətlərə marağını itirməsi;
– əhval-ruhiyyədə kəskin dəyişikliklər;
– ümidsizlik, çıxılmazlıq və gələcəyin olmadığını ifadə etməsi;
– yaxınları ilə vidalaşmağa və ya onun üçün dəyərli əşyalarını başqalarına verməyə başlaması;
– ağır emosional böhrandan sonra qəfil və qeyri-adi şəkildə sakitləşməsi.
Bu əlamətlərdən yalnız birinin olması insanın mütləq intihar edəcəyi anlamına gəlmir. Lakin bir neçə narahatedici əlamətin birlikdə müşahidə olunması gözardı edilməməlidir.
Yaxınları nə edə bilər?
Ən vacib addımlardan biri insanın yaşadığı problemi kiçiltməməkdir.«Özünü ələ al», «başqalarının problemi daha böyükdür» və ya «sadəcə diqqət çəkmək istəyirsən» kimi ifadələr insanın özünü daha da tənha hiss etməsinə səbəb ola bilər.Daha doğru yanaşma sakit şəkildə söhbət etmək, insanı mühakimə etmədən dinləmək və onun tək olmadığını hiss etdirməkdir.Ciddi narahatedici əlamətlər olduqda isə insanı tək buraxmamaq və peşəkar yardım üçün psixoloqa, psixiatra və ya həkimə müraciət etmək daha doğru addımdır.
Hər birimizə müraciət:
Yaxınlarınıza qarşı diqqətli olun!
Bəzən insan yaşadığı çətinliyi birbaşa ifad etmir. Lakin onun davranışı tədricən dəyişə bilər: qapanır, həyata marağını itirir, ümidsizlikdən danışır və ya insanlardan uzaqlaşır.Təkrarlanan və getdikcə daha aydın görünən kiçik dəyişiklikləri belə gözardı etməyin.İnsan hər zaman özü kömək istəyə bilmir. Buna görə narahatlıq və şübhə yarandıqda vəziyyəti özünüz həll etməyə çalışmaq əvəzinə mütəxəssisə müraciət etmək daha doğrudur.Psixoloji və ya psixiatrik yardım almaq zəiflik deyil və bundan utanmaq lazım deyil. Bu da sağlamlığın qorunmasının bir hissəsidir.İntiharın qarşısını almaq mümkündür. Bəzən vaxtında fərq edilən bir siqnal, səmimi söhbət və peşəkar yardım insanın həyatını xilas edən ilk addım ola bilər.
Mənbələr:
– Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatı.
– Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi — «İntihar səbəbindən ölüm səviyyəsi».
– Ümumdünya Səhiyyə Təşkilatı (WHO).

Müəllif: Fəxri Həsənov,reabilitoloq