Anar Eminov: “Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ümummilli lider Heydər Əliyevin öz xalqı, vətəni qarşısında müstəsna xidmətlərindən idi”
Hər bir xalqın dili və əlifbası onun milli identikliyini, özünəməxsusluğunu, müstəqilliyini təsdiq və təmin edən vacib dövlət atributlarından biri və ən başlıcasıdır. Ona görə də bir çox xalqların tarixində öz dilini və əlifbasını qoruyub saxlamaq uğrunda mübarizə onların azadlıq və müstəqillik uğrunda apardıqları mübarizənin tərkib hissəsi olub. İmperializm dövrünün xarakterik cəhətlərindən biri fəth edilmiş ərazilərdə yaşayan xalqların öz dillərindən istifadə imkanlarını məhdudlaşdırmaq və bu yolla həmin xalqları assimilyasiyaya məruz qoymaqdan ibarət idi. Digər xalqlar kimi bizim tariximizdə də müstəqillik uğrunda mücadiləmiz ana dilimizi qoruyub saxlamaq və inkişaf etdirmək səylərimizlə bərabər davam edib. Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra ərazilərimizdə rus məktəblərinin açılması, Azərbaycan dilində məktəblərin açılmasına, mətbuat orqanlarının təsis edilməsinə qadağalar qoyulması həmin dövrün ziyalılarını narahat edən milli məsələyə çevrilmişdi. Öz zəkası ilə gələcəyi görən və bütün səylərini xalqı hazırlamağa çalışan Mirzə Fətəli Axundov hələ çarizm dövründə Azərbaycanın ilk milli əlifbasını yaratmağa çalışmışdı. Onun ictimai fikrə gətirdiyi milli ideya sonrakı dövrdə milli maarifçilik hərəkatının ilk möhtəşəm dalğasını yaratdı. Bu dalğada milli identiklik uğrunda mübarizəyə qalxan çoxsaylı ziyalılarımız Mirzə Fətəli Axundovun milli ideyasını milli ideologiyaya qədər inkişaf etdirə bildilər. İctimai-siyasi həyatımızda öz yerini möhkəmlədən milli ideologiyamız isə öz növbəsində ilk müstəqil milli dövlətimizin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi. Mirzə Fətəli Axundovdan müsəlman Şərqinin ilk demokratik respublikasınadək keçilən yol bir neçə cümlə ilə ifadə edilə bilsə də, bu yolda çəkilən zəhmətlər və verilən qurbanlar heç də az olmadı.
1918-ci ildə yaradılmış ilk respublikamız bütün sahələrdə olduğu kimi ana dilimizin inkişaf etdirilməsi üçün də zəruri addımlar atdı. Lakin qısa müddətdən sonra müstəqilliyin itirilməsi yenidən ana dilimizin istifadəsinə məhdudiyyətlərin tətbiq olunması ilə nəticələndi. Ziyalılarımız bütün sovet dönəmində ana dilimizin unudulmaması, məhdud imkanlar daxilində olsa da onun daim inkişaf etdirilməsi üçün mübarizə apardılar. Bəzi hallarda bu onlara həyatları bahasına başa gəlirdi. 1926-cı ilin 26 fevral–6 mart tarixlərində Bakıda keçirilmiş I Türkoloji qurultayın, demək olar ki, bütün iştirakçılarının az sonra repressiyaya məruz qalması özlüyündə ana dilimizə qarşı törədilmiş ən böyük terror hadisəsi kimi milli yaddaşımızda ağrıya çevrildi. Lakin dilimizin yaşamasını millətimizin var olmasının ilkin şərti olduğunu dərk edənlər bu mübarizədən çəkinmirdilər.
Səfəvilər hakimiyyətindən sonra yalnız Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait bu qərarın uzunömürlü olmasına imkan verməmişdi. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Lakin bu da mərkəzi hakimiyyət tərəfindən qəzəblə qarşılanmış və buna görə də həmin dövrdə Azərbaycana rəhbərlik etmiş İmam Mustafayev dərhal öz vəzifəsindən uzaqlaşdırılmışdı.
1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi bu mübarizənin daha səmərəli aparılması üçün yeni imkanlar yaratdı. Azərbaycan dilində məktəblərin sayının artırılması, ana dilimizdə ədəbi-bədii yaradıcılığın geniş vüsət alması, ziyalılarımıza qarşı “millətçilik” damğası ilə aparılan terror siyasətinə son qoyulması da məhz Heydər Əliyevin rəhbərlik dönəminin xalqımızın mədəni həyatına gətirdiyi ilk yeniliklər idi. Bütün bunlarla Heydər Əliyev daha sonrakı məqsədlərə nail olmaq üçün zəmin hazırlayırdı. Hakimiyyətdə olduğu ilk onillik ərzində Heydər Əliyev iqtisadi-sosial inkişaf baxımından 15 müttəfiq respublika arasında geridə qalan Azərbaycanın İttifaqın ən güclü sənaye ölkələrindən birinə çevrilməsini təmin etdi. O, böyük fədakarlıq göstərərək 1978-ci ildə o zamanlar üçün gerçəkləşməsi mümkün görünməyən bir təşəbbüslə çıxış edərək ölkəmizin yeni Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail oldu. O zamanlar Sovet İttifaqının bütün yazılmış və yazılmamış qanunlarına görə bu mümkün hesab olunmurdu. Heydər Əliyev mümkün olmayanı gerçəkləşdirdi. 1978-ci il aprelin 2-də keçirilən IX çağırış Ali Sovetin 7-ci sessiyası Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuşdu. Ulu öndərin həmin sessiyadakı tarixi çıxışı Konstitusiyanın 73-cü maddəsinə dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə nəticələndi. Sovet rejiminin siyasi, iqtisadi və hərbi baxımdan ən güclü olduğu bir zamanda belə bir təşəbbüslə çıxış etmək və öz məqsədinə nail olmaq, əlbəttə, böyük cəsarət və iradə tələb edirdi. O zamanlarda belə təşəbbüslərin bəzən insanın həyatı bahasına başa gələcəyini yaxşı bildiyinə baxmayaraq, Ulu öndər heç bir tərəddüd etmədən bu tarixi addımı atdı. Onun bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Onun təşəbbüsü ilə 1978-ci il aprelin sonunda Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması həqiqətən Ulu Öndərin öz xalqı, öz vətəni qarşısında, ana dilinin mövcud təhlükələrdən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saxlanılması istiqamətində göstərdiyi müstəsna xidmətlərindən idi.
Heydər Əliyev bu addımıyla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuş oldu. Bundan sonra isə ana dilimizin inkişafı və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Sonralar bu tarixi hadisə ilə bağlı danışarkən Heydər Əliyev deyirdi: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə olan bir dildir”.
1991-ci ildə müstəqilliyimizin bərpa edilməsindən sonrakı dövrdə Heydər Əliyevin yenidən hakimiyyətdə olduğu illərdə də onun ana dilimizə həssas münasibəti həmişə özünü göstərirdi. “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik”, – deyən Ulu Öndər dilimizin inkişaf etdirilməsi üçün çoxsaylı təşəbbüslər irəli sürdü və həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu 2002-ci il sentyabrın 30-da qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yenidən rəsmən təsbit edildi.
Ulu öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Bu fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi. Heydər Əliyevin bu tarixi xidmətləri mənəvi varlığımızın əsası nişanı sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qəbul edilmiş qərarın da icrası illərlə uzanırdı. Nəhayət, Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, keçid prosesi başa çatdırıldı və 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə, müəssisə və təşkilatlar, Azərbaycan dilində olan nəşrlər latın qrafikalı əlifbaya keçdi.
2001-ci ilin 9 avqustunda Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılır və ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq, xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin 2-ci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı üzərində düşünməyə vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün milli maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da müasir mədəniyyət tipinə uyğun yeni əlifbaya olan ehtiyacı gündəmə gətirmişdi. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslər o zaman üçün mövcud əlifbanın daha münasibi ilə əvəz olunması zərurətini yaratmışdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əlifbasına keçid prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın tövsiyələrinə uyğun olaraq, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının tətbiq edilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril əlifbası ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası əsasında Azərbaycan elminin və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Bununla belə, kiril əlifbasının dilimizin səs quruluşuna uyğunlaşdırılması üçün edilən bütün cəhdlər uğursuz oldu və kiril əlifbası əsasında Azərbaycan dilinin tam optimal ifadə variantının əldə edilməsi mümkün olmadı. Bu vəziyyət elə o zaman kiril əlifbasının nə vaxtsa dəyişdiriləcəyi ehtimalını yaradırdı.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış yeni tarixi-siyasi şərait bizim də dünya xalqlarının ümumi yazı sisteminə qoşulmağımız üçün perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. Beləliklə, 10 ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Məhz elə 1 avqust tarixi ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” olaraq təsbit edildi.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin xidmətləri misilsizdir. Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, eləcə də həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunmasında və inkişafında mühüm rol oynayıb. 2003-cü il yanvarın 2-də isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr müəyyən edilib.
Ümummilli Liderin ana dilimizə və əlifbamıza həssas münasibəti bu gün Prezident İlham Əliyevin apardığı mədəni siyasətdə də davam etdirilir. Ölkə rəhbərinin dilimizin inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi qərarlar və imzaladığı sərəncamlar bunu bir daha təsdiqləyir.
2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” dövlət başçısının imzaladığı sərəncama əsasən, 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı və bütün dairələrdə icra edildi. Prezident İlham Əliyev 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzaladı və bu sərəncamların icrası ilə həyatımızın bütün sahələrində ana dilinin daha geniş tətbiqi gerçəkləşdirildi. Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etdi. Gündən günə sürətlənən qloballaşma şəraitində belə bir Dövlət Proqramının qəbul olunması və icrasını ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə hesab etmək olar.
Dil daim inkişafda olan mütəhərrik bir fenomendir. Daim dəyişməkdə olan zaman hər bir xalqın dilini də mütəmadi dəyişikliklərə məruz qoyur. İnnovativ texnologiyaların həyatımıza daxil olması bizim dilimizə də təsirsiz ötüşmür. Bunu nəzərə alan Prezident İlham Əliyev 2018-ci il iyulun 17-də “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzaladı. Bu sərəncamın icrası Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir. Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbədiyaşarlığını təmin etmək məqsədi daşıyır. Ana dilimizlə bağlı dövlət səviyyəsində görülən tədbirlər və qəbul edilən bu qərarlar milli varlığımızın aynası olan dilimizin daim təkmilləşdirilməsini və qorunub saxlanmasını tam təmin edir.
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru
1 avqust 2026-cı il