Mingəçevir Dövlət Universitetində elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tədqiqatların beynəlxalq standartlara uyğun təşkili və alimlərin qlobal elmi məkanda daha geniş təmsil olunmasının təmin edilməsi universitetin inkişaf strategiyasının əsas prioritet istiqamətlərindəndir. Son illərdə bu istiqamətdə həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər universitetdə elmi mühitin əhəmiyyətli dərəcədə güclənməsinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və elmi nəticələrin davamlı artmasına zəmin yaradıb.
Müasir dövrdə universitetlərin uğuru təkcə tədris fəaliyyəti ilə ölçülmür. Bilik iqtisadiyyatının sürətlə inkişaf etdiyi, innovasiyaların rəqabət qabiliyyətini müəyyənləşdirdiyi bir şəraitdə ali təhsil müəssisələri yeni bilik yaradan, elmi araşdırmaları təşviq edən, texnoloji yenilikləri formalaşdıran və cəmiyyətin intellektual inkişafına istiqamət verən strateji mərkəzlərə çevriliblər. Bu baxımdan akademik mükəmməllik, elmi məhsuldarlıq, beynəlxalq elmi inteqrasiya və innovativ idarəetmə universitetlərin davamlı inkişafını şərtləndirən başlıca amillərdir.
Mingəçevir Dövlət Universitetində də məhz bu yanaşma əsas götürülərək elmi fəaliyyətin nəticəyönümlü təşkili, tədqiqatların keyfiyyətinin yüksəldilməsi, gənc alimlərin dəstəklənməsi, innovativ təşəbbüslərin təşviqi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində ardıcıl iş aparılır.
Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq MDU əməkdaşlarının Scopus bazasında indekslənən elmi məqalələrinin sayı son beş il ərzində 3–4 dəfə artıb. Bu göstərici universitetdə formalaşdırılan sağlam elmi mühitin, akademik fəaliyyətə verilən sistemli dəstəyin və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində görülən işlərin real nəticəsidir.
Kanal32.az bildirir ki,bu fikirləri AZƏRTAC-avçıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.
Rektor vurğulayıb ki, əldə olunan nailiyyətlər uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir: “Biz Mingəçevir Dövlət Universitetində elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsini, akademik mükəmməllik mədəniyyətinin formalaşdırılmasını, alimlərimizin beynəlxalq elmi məkanda daha geniş təmsil olunmasını və universitetimizin qlobal elmi əlaqələrinin gücləndirilməsini strateji hədəf kimi müəyyən etmişik. İnanırıq ki, müasir universitetin nüfuzu yalnız elmi nəşrlərin sayı ilə deyil, onların keyfiyyəti, beynəlxalq təsiri, innovativ dəyəri və cəmiyyətin inkişafına verdiyi töhfə ilə müəyyən olunur. Son illərdə qazandığımız uğurlar göstərir ki, düzgün müəyyənləşdirilmiş strateji prioritetlər, nəticəyönümlü idarəetmə və kollektivimizin peşəkarlığı qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verir.”
Anar Eminov qeyd edib ki, universitetdə elmi fəaliyyətin stimullaşdırılması, professor-müəllim heyətinin və gənc tədqiqatçıların elmi potensialının inkişaf etdirilməsi, beynəlxalq layihələrdə iştirakın genişləndirilməsi, tətbiqyönümlü tədqiqatların təşviqi, innovativ ideyaların dəstəklənməsi və akademik fəaliyyətin obyektiv nəticələr əsasında qiymətləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər universitetdə sağlam akademik rəqabət mühitini daha da möhkəmləndirib. Bu yanaşma alimlərin elmi məhsuldarlığının artmasına, yeni tədqiqat istiqamətlərinin formalaşmasına və universitetin beynəlxalq elmi nüfuzunun yüksəlməsinə mühüm töhfə verir.
Hazırda MDU tərəfindən təşkil olunan beynəlxalq elmi konfransların materiallarının Scopus bazasında indeksləndirilməsi istiqamətində müvafiq işlər görülür. Bununla yanaşı, alimlərin Web of Science və Scopus kimi nüfuzlu beynəlxalq elmi informasiya bazalarında indekslənən jurnallarda nəşr imkanlarının genişləndirilməsi, beynəlxalq elmi layihələrdə iştirakının artırılması və yeni akademik tərəfdaşlıqların qurulması universitetin əsas fəaliyyət istiqamətlərindən biri olaraq davam etdirilir. Bu təşəbbüslər MDU-nun qlobal elmi şəbəkələrdə görünürlüğünün artırılmasına, beynəlxalq elmi əməkdaşlıqların daha da gücləndirilməsinə və universitetin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.
Rektor Anar Eminov vurğulayıb ki, qarşıdakı dövrdə əsas məqsəd MDU-nun beynəlxalq elmi reytinqlərdə mövqeyini daha da möhkəmləndirmək, universiteti regionun güclü tədqiqat mərkəzlərindən birinə çevirmək və Azərbaycan ali təhsilinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına töhfə verməkdir.
“Bizim əsas hədəfimiz yalnız bugünkü uğurları qorumaq deyil, elmi inkişafın davamlılığını təmin etmək, universitetimizi beynəlxalq akademik məkanın fəal iştirakçılarından birinə çevirməkdir. Bunun üçün alimlərimiz, professor-müəllim heyətimiz və gənc tədqiqatçılarımızla birlikdə yeni məqsədlərə doğru inamla irəliləyirik. Akademik mükəmməllik, innovasiya, beynəlxalq əməkdaşlıq və insan kapitalının inkişafı universitetimizin gələcək inkişaf strategiyasının əsas sütunlarıdır. İnanıram ki, həyata keçirdiyimiz sistemli islahatlar MDU-nun elmi nüfuzunu daha da yüksəldəcək və universitetimizi regionun qabaqcıl ali təhsil müəssisələrindən biri kimi möhkəmləndirəcək.”
“Bu gün Mingəçevir Dövlət Universitetində həyata keçirilən məqsədyönlü elmi inkişaf strategiyası göstərir ki, müasir universitet modeli ilk növbədə güclü elmi potensiala, innovativ düşüncəyə, beynəlxalq əməkdaşlığa və insan kapitalının davamlı inkişafına əsaslanır. Elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, innovativ tədqiqatların təşviqi və qlobal akademik məkanla inteqrasiyanın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atan MDU elm, innovasiya və beynəlxalqlaşma yolunda inamla irəliləyərək Azərbaycanın ali təhsil məkanında öz mövqeyini daha da möhkəmləndirir”,- deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.