Azərbaycan Milli Mətbuatının yaranmasının 151-ci ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətində dəyirmi masa keçirilib.
İcra Hakimiyyətinin məsul əməkdaşlarının, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayevin, mətbuat işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri İcra Hakimiyyəti başçısının birinci müavini Məhluqə Cavadova açaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və aparat kollektivinin təbriklərini çatdırıb. Şərəfli və çətin yollardan keçən mətbuatımızın tarixinə nəzər salıb, şəhərimzin mətbuat işçilərinin xidmətlərindən söz açıb. Mingəçevirin inkişafında jurnalistlərin də xüsusi rol oynadığını, dəyərli fikirləri ilə imza qoyduqlarını qeyd edib.
Diskussiya şəraitində keçirilən görüşdə jurnalistlər və ictimaiyyət nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə ediblər. Çıxış edənlər — Mirsədi Daşdəmirov, Ehtiram Muradlı, İnqilab Şirinli, Azər Hacıyev, Hikmət Kərimov, Fərman Nəbiyev, Mirzə Cavadov, Rizvan Mikayıllı, Vaqif Sadıxov, Elşən Əzim, Yusif Ələkbərov, Mətanət Məmmədova və başqaları milli mətbuatımızın əsrlər boyu xalqımızın maariflənməsində xüsusi rol oynadığını vurğulayaraq şəhərimizin dünənindən, bu günündən bəhs etməklə bundan sonra da xidmətlərini göstərəcəklərini bildiriblər. Maraqlı fikir mübadiləsi aparılıb, təkliflər verilib, problem və çətinliklərdən söhbət açılıb. Ölkəmizin tərəqqisi, dünyaya inteqrasiyası, bölgədə söz sahibi olması, müasir inkişafı barədə fikirlər səsləndirilib.
Dəyirmi masaya İcra Hakimiyyəti başçısının birinci müavini Məhluqə Cavadova yekun vuraraq bir daha mətbuat işçilərini Jurnalistika Günü münasibəti ilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Görüşdə mətbuat nümayəndələrinə Mingəçevir şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.



