Qarabağ Universiteti Türk dünyası ilə əməkdaşlığı genişləndirəcək

Qarabağ Universiteti ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə inkişaf edir. Qarabağ Universitetinin qarşısında dayanan mühüm məqsədlərdən biri də Türk dünyasını təmsil edən elm və təhsil müəssisələri ilə sıx əməkdaşlığın qurulmasıdır. Bu gün burada keçirilən beynəlxalq tədbirlər həm universitetimiz, həm də iştirakçılar üçün yeni imkanlar yaradır.

KANAL32.az AzərTAC-a istinadla xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Xankəndidə keçirilən “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Türk dünyası ilə bağlı birgə layihələrin həyata keçirilməsi, ortaq tariximizin, dillərimizin, mədəni və mənəvi dəyərlərimizin araşdırılması Qarabağ Universitetinin fəaliyyətinin mühüm istiqamətlərindən biri olacaq.

“Əminəm ki, Azərbaycan döyüş meydanında qazandığı tarixi zəfəri bundan sonra Qarabağda elm və təhsil sahəsində əldə edəcəyi uğurlarla daha da taclandıracaq”, – deyə o qeyd edib.