Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ictimai əhəmiyyəti

1 iyun bütün dünyada, o cümlədən Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib və məqsədi uşaqların hüquqlarını qorumaq, onların rifahını təmin etməkdir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilmişdir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, uşaqların hüquqlarının qorunmasını və rifahının təmin edilməsini diqqət mərkəzinə alan beynəlxalq bir gündür. Uşaq hüquqları ilə bağlı ilk beynəlxalq səylər 1923-cü ildə başladı. Qırx ölkədən olan nümayəndələr İsveçrənin Cenevrə şəhərində toplaşaraq “Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Birlik” adlı bir təşkilat yaratdılar və qəbul edilmiş prinsipləri “Cenevrə Bəyannaməsi” kimi dərc etdilər. 1946-cı ildə onlar yenidən görüşdülər və uşaq hüquqları prinsiplərini genişləndirdilər. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə paralel olaraq, 20 noyabr 1959-cu il tarixli 1386 nömrəli BMT-nin Uşaq Hüquqları Bəyannaməsi elan edildi. Bəyannaməyə uşaqlara qarşı ayrı-seçkiliyin olmaması, uşaqlara sərbəst inkişaf etmək imkanı verilməsi, onlara doğuşdan etibarən şəxsiyyət və vətəndaşlıq verilməsi, sosial təminat hüquqlarından faydalanmalarının təmin edilməsi və sağlamlıq imkanları məhdud uşaqlara lazımi qayğı və müalicənin göstərilməsi kimi 10 ümumi prinsip daxildir. Uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Uşaqlar sabahın memarlarıdır. Uşaq hüquqları sahəsində uşağın maraqlarının prioritetləşdirilməsinə, ailədəki mövqeyindən cinsi istismardan qorunmalarına, qərar qəbuletmə proseslərində iştiraklarından iş həyatındakı xüsusi mövqelərinə, qidalanmalarından təhsillərinə qədər bir çox müxtəlif sahələrdə və hüquq kateqoriyalarında uşaqların qorunmasını və inkişafını təmin etməyə yönəlmiş əsas beynəlxalq tənzimləmə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyasıdır. Hər bir uşağın sevgi, təhlükəsizlik və bərabər imkanlar içində böyümək hüququ var. Uşaqlar təkcə qorunmağa ehtiyacı olan fərdlər deyil, həm də cəmiyyətin fəal üzvləridir. Onların düşüncələrinə, ehtiyaclarına və hisslərinə hörmət etmək, onları dinləmək və onları əhatə etmək sağlam bir sosial quruluş üçün vacibdir. Bu gün atdığımız hər addım onların sabahını formalaşdıracaq. Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ətrafımıza sevgi saçanlar bu gün sizin gününüzdür əziz balalar. Uşaqlar gününüz mübarək olsun! Bugünün sabahı, sabahın ümidi olan uşaqların üzündən gülümsəmə əskik olmasın! Sizlər gələcəyimizi formalaşdıracaq və dünyamızı daha yaxşı vəziyyətə gətirəcək ən dəyərli sərvətlərimizsiniz. Xüsusi vurğulamaq istərdim ki, hər birinizin gözlərindəki həyəcanı gördükcə işıqlı gələcəyimizə inamımız daha da artır. Sizlər hər güləndə üzünüzdə açan çiçəkləri görməkdən bizim üçün böyük xoşbəxtlik mənbəyi yoxdur. Sizin həyəcanınız, təbəssümünüz ölkəmizin ən böyük sərvətidir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır. Bugün ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır. Təsadüfi deyildir ki, dövlət başçısı cənab İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bugün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanda uşaqların sağlam, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edirik!

s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı