Moldovanın🇲🇩 xarici işlər naziri Mixay Popşoy Rumıniya🇹🇩 ilə birləşmə ehtimalından danışıb. Nazir bu ideyaya müsbət yanaşdığını ifadə edib.
O, Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə olmayacağını deyib. Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır.
Moldovanın Rumıniyaya birləşməsi məsələsi son zamanlar xüsusilə intensivləşib. Rəsmi Kişinyovun MDB-ni tərk etməsi qərarından sonra prosesin daha da sürətlənəcəyi gözlənilirdi. Üstəlik, bu istək tək tərəfli deyil. Məsələn, yanvarın 12-də Moldova Prezidenti Maia Sandu ölkəsinin Rumıniyaya qoşulmasını dəstəklədiyini bildirib. Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak isə bu barədə danışıqlara başlamağa hazır olduqlarını açıq şəkildə qeyd edib. Son olaraq isə Rumıniya Prezidenti Nicușor Dan bildirmişdi ki, əgər Moldova cəmiyyəti iki ölkənin birləşməsinə dəstək verərsə, Buxarest bu prosesi müzakirə etməyə və həyata keçirməyə hazırdır.
Moldova Transilvaniya və Valaxiya ilə birlikdə tarixi rumın torpaqlarıdır. Hətta Rumıniya dövləti rəsmi olaraq 1859-cu ildə Valaxiya və Moldaviya knyazlıqlarının birləşməsi ilə qurulub. Sonrakı proseslərdə Transilvaniya Rumıniyanın tərkibinə daxil olsa da, Moldova ayrı müstəqil dövlət kimi qaldı. Bu mənada iki ölkənin birləşməsi ideyası tarixi bir kontekstdə dəyərləndirilir.
Görünən odur ki, bu birləşmənin qarşısı alınmaz bir proses kimi təqdim olunur. Lakin bu vəziyyətdən narahat olanlar da var. Söhbət Moldovada yaşayan qaqauzlardan🐺 gedir. Qaqauzlar Rumıniyaya birləşmənin əleyhinədirlər. Onlar hesab edirlər ki, bu birləşmə onların tədricən assimilyasiyasına və milli kimliklərini itirməsinə səbəb ola bilər. Hətta vəziyyətdən asılı olaraq qaqauzlar, az saylarına baxmayaraq, müqavimətə də qalxa bilərlər.
Müəllif: Turan Rzayev