19 may 2026-cı il tarixdə Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə “Açıq qapı” Günü keçirilib.
KANAL32.az-ın məlumatına görə,tədbirdə Mingəçevir şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov,MARTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, aparıcı məsləhətçi Elçin Cəfərov, təhsil işçiləri, valideynlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının üçrəngli bayrağı meydana gətirilib,ardınca Vətən uğrunda canından keçmiş şəhidlərin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin canlı ifası ilə Dövlət Himni oxunub.

Açılış nitqi il çıxış edən liseyin direktoru Aygün Quliyeva qonaqları salamlayıb və bildirib ki, keçirilən “Açıq Qapı Günü” əslində təhsil ocağının son üç ildə gördüyü işlərin hesabatıdır: “Bu gün liseyimizin həyatında xüsusi əhəmiyyət daşıyan gündür. Məqsədimiz yalnız tədris prosesini nümayiş etdirmək deyil, eyni zamanda müəllim, məktəb və valideyn əməkdaşlığının nə qədər vacib olduğunu göstərməkdir. Valideyn məktəblə eyni istiqamətdə addımlayarsa, ortaq məqsəd uğrunda çalışarsa, gələcəyimiz üçün sağlam düşüncəli, savadlı və vətənpərvər gənclər yetişdirə bilərik”.
“Açıq qapı” Günü çərçivəsində şagirdlərin hazırladıqları təqdimatlar və yaradıcılıq nümunələri nümayiş etdirilib, müxtəlif fənlər üzrə açıq dərslər keçirilib.Eyni zamanda valideynlər dərs prosesini yaxından izləmək imkanı əldə ediblər və müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Daha sonra görüş çərçivəsində liseyin 3 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Valideynlər və müəllimlərlə müzakirələr aparılıb, təkliflər səsləndirilib və rəsmi qonaqlara ünvanlanan suallar cavablandırılıb.
Vurğulanıb ki, bu qəbildən olan görüşlərin ümumi təhsil müəssisələrində mütəmadi təşkili nəzərdə tutulur. Əsas məqsəd isə valideyn-məktəb münasibətlərinin daha da möhkəmləndirilməsi və qarşılıqlı etimad mühitinin inkişaf etdirilməsidir.
Qeyd edək ki,tədbirin əsas məqsədi təhsil müəssisəsində həyata keçirilən tədris prosesi ilə yaxından tanışlıq, şagird nailiyyətlərinin təqdim olunması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi və ictimaiyyətlə açıq dialoqun təmin edilməsi olub.








İxtiyar Həsənli
Kanal32.az