Ümumdünya Şəhərsalma Forumunun (WUF13) strateji əhəmiyyəti

Ümumdünya Şəhərsalma Forumu (ÜŞF) müasir dünyanın ən kəskin problemlərindən biri olan sürətli urbanizasiyanı və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmaq məqsədilə 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən təsis edilmişdir. Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilmidir.  Müasir dövrdə   şəhərlər yalnız iqtisadi deyil, həm də siyasi, ekoloji və geostrateji mərkəzlərə çevrilib. WUF 13 Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq mövqeyi, şəhərsalma siyasəti və regional liderlik imkanları baxımından mühüm strateji hadisədir. BMT‑nin Məskunlaşma Proqramı (UN‑Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır. Bu günlərdə paytaxtımız Bakı daha bir tarixi və möhtəşəm beynəlxalq tədbirə – BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. Mayın 17-dən 22-nə qədər Bakı Olimpiya Stadionunda keçirilən bu qlobal platforma, urbanizasiya və iqlim çağırışlarının kəsişdiyi bir dövrdə dünya siyasətinin nəbzini tutur. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilir. Azərbaycan bu qlobal çağırışlara yalnız müşahidəçi kimi deyil, həmçinin fəal təşəbbüskar kimi qoşulur. 182 ölkədən 45 mindən çox insanın qeydiyyatdan keçdiyi forum, ilk iki günündəcə 25 mindən çox canlı və onlayn iştirakçını birləşdirərək miqyasına görə tarixin ən böyük şəhərsalma tədbirlərindən birinə çevrilib. Azərbaycanda aparılan şəhərsalma siyasətinin mərkəzində insan amili dayanır. Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın qlobal liderliyini daha da möhkəmləndirdi.

Bu forumu əvvəlkilərdən fərqləndirən və şəhərsalma tarixinə yazılan ən mühüm yenilik Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları üzrə Sessiya oldu. Mayın 18-də keçirilən bu tarixi iclas, şəhər inkişafı məsələsini sadəcə ekspertlərin müzakirəsindən çıxarıb qlobal siyasətin mərkəzinə daşıdı. Özbəkistan, Qırğızıstan, Keniya, Serbiya kimi onlarla ölkənin dövlət və hökumət başçılarının, eləcə də Çin, Ukrayna, Gürcüstan və Qazaxıstanın yüksəksəviyyəli rəsmilərinin qatıldığı bu sessiyaya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev moderatorluq edirdi.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev :“2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.”

Sessiyanın rəsmi açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə birlikdə dünya liderlərini qarşıladılar. BMT Baş katibi Antonio Quterreş və Baş Assambleyanın prezidenti Annalena Berbokun videomüraciətlərində də vurğulandığı kimi, Bakı artıq qlobal strateji dialoqun əsas mərkəzidir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin strateji mahiyyətini ortaya qoyur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  çıxışında xüsusi olaraq vurğuladı ki, müasir şəhər modeli artıq sadəcə binaların və infrastrukturun qurulması ilə məhdudlaşmır. Yeni dövrün şəhərləri rəqəmsal idarəetmə, yaşıl enerji, ekoloji təhlükəsizlik, sosial inklüzivlik və milli-mədəni identiklik prinsipləri üzərində formalaşmalıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri də məhz bu strateji baxışın praktiki təzahürüdür.

Müzakirələrin ən maraqlı və qürurverici tərəfi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa işlərinin dünyaya nümunə kimi göstərilməsi oldu. Prezident İlham Əliyev öz çıxışında 2022-ci ildən bəri Ağdam, Zəngilan və Xankəndidə UN-Habitat ilə birgə keçirilən milli forumlara toxunaraq, Böyük Qayıdış Proqramının detallarını bölüşdü. Xarici liderlər və ekspertlər cəmi 5 il ərzində sıfırdan qurulan müasir infrastrukturu, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini, həmçinin regionun “Yaşıl Enerji Zonası”na çevrilməsini post-münaqişə dövrü üçün unikal inkişaf modeli kimi yüksək qiymətləndirdilər. Forum çərçivəsində iştirakçıların bu möcüzəni öz gözləri ilə görməsi üçün azad edilmiş ərazilərə xüsusi səfərlər də nəzərdə tutulub.

Forumun ən rəngarəng və böyük hissəsi isə 82 ölkədən 260 təşkilatın qatıldığı “Urban Expo” sərgisidir. Sərginin vizual və məzmun baxımından şah əsəri heç şübhəsiz 1500 kvadratmetrlik sahəsi ilə ən böyük milli pavilyon olan Azərbaycan pavilyonudur. Pavilyon dünya şöhrətli memar Zaha Hadidin yaratdığı Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə alınaraq hazırlanmışdır.

Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir. Pavilyonda həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş etdirilir.

Azərbaycan Pavilyonunda rəsmi görüş və fikir mübadiləsini təmin edən şəbəkələşmə zonaları, təqdimat və konfrans məkanları, virtual reallıq əsaslı interaktiv sahələr, kino və turizm guşələri, müxtəlif master-klasslar, eləcə də Azərbaycan mədəniyyəti və milli mətbəxini təqdim edən xüsusi sahələr fəaliyyət göstərir.
WUF13  tədbirlər proqramına “Bakı Baş Planı 2040”, enerji sistemlərinin rəqəmsal transformasiyası, miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar daxildir. Əlbəttə, belə bir nəhəng forumun Bakıya gəlişi birdən-birə baş verməyib. Bu proses hələ 2023-cü ilin sonunda imzalanan Ev Sahibi Ölkə sazişi ilə başlayıb, Çinin strateji dəstəyi və Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsi ilə beynəlxalq miqyasda gücləndirilib. Hətta aprel ayında Vyana şəhərində BMT və ATƏT ofislərində forumun təqdimat tədbirləri də keçirilmişdi.

Ölkə daxilində isə cəmiyyəti maarifləndirmək üçün Bakıdan Xankəndiyə qədər uzanan regional WUF13 festivalları təşkil olundu. Forum günlərində Bakıda nəqliyyatın səmərəli idarə edilməsi üçün aprel ayında genişmiqyaslı monitorinqlər və müvəqqəti məhdudiyyətlər tətbiq edildi, həmçinin tədbir müddətində (17-22 may) şəhərdə distant (onlayn) təhsil sisteminə keçid edildi.

Azərbaycanın  ev sahibliyi etdiyi bu möhtəşəm tədbir çox mühüm bir məqamı ortaya qoyur: Azərbaycan yalnız regional enerji və logistika layihələri ilə kifayətlənmir, həm də bəşəriyyətin gələcək şəhər modelini və ekoloji inkişaf fəlsəfəsini formalaşdıran əsas qlobal mərkəzlərindən biri kimi çıxış edir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın dayanıqlı inkişaf, müasir şəhərsalma və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunu bir daha nümayiş etdirmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.

 

   s.e.f.d., dos. Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Siyasi İdarəetmə fakültəsinin dekanı