Trampın Çin səfəri- Qlobal rəqabətin yeni mərhələsi-TƏHLİL

ABŞ Prezidenti Donald Trampın Çinə gözlənilən səfəri baş tutdu. Tramp 15 maya qədər Çində olacaq. Səfərin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də gözlənilən ABŞ–İran qarşıdurması daxil olmaqla, qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.
Səfərin ilk gününün diqqətçəkən məqamı Çin Prezidenti Si Cinpin ilə Donald Tramp arasında Pekində keçirilən görüş oldu. Tərəflər təmkinli, lakin müəyyən qədər prinsipial mövqe nümayiş etdirirdilər.
Tramp bildirib ki, hazırda dünyada yalnız iki supergüc var — ABŞ və Çin.
“Biz iki supergücük. Hərbi güc baxımından Yer üzündə ən güclü ölkə ABŞ-dır. Çin isə ikinci hesab olunur. Heç kim bizə yaxınlaşa bilməz”, — ABŞ prezidenti deyib.
Tramp Çini supergüc kimi qəbul edir. Lakin eyni zamanda Pekini ikinci supergüc adlandırmaqla üstün mövqedə olduğunu göstərməyə çalışır. Əslində, bu, müəyyən narahatlığın da göstəricisidir. SSRİ-nin süqutundan sonra Vaşinqton üçün əsas rəqib ölkə məhz Çin sayılır. Pekinin artan iqtisadi və maliyyə gücü, onsuz da Vaşinqton üçün ciddi narahatlıq mənbəyi idi. Son illərdə Çinin müxtəlif ölkələrdə limanları uzunmüddətli icarəyə götürməsi, ABŞ-ın “dollar diplomatiyası”na bənzər üsullardan istifadə etməsi və hərbi bazalar yaratmaq istiqamətində addımlar atması Vaşinqton üçün mühüm siqnallardır.
ABŞ ilə Çin arasında toqquşan maraqlar kifayət qədər çoxdur. İqtisadi maraqlardan əlavə, Pekin və Vaşinqtonu qarşı-qarşıya gətirə biləcək siyasi məsələlər daha geniş müzakirə tələb edirdi. Təsadüfi deyil ki, görüşdə Tayvan və İran məsələləri də ətraflı müzakirə olunub.
Si Cinpin Donald Trampla görüşü zamanı bildirib ki, Tayvan məsələsinin düzgün həll edilməməsi Pekinlə Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. O, Tayvan problemini Çin–ABŞ münasibətlərində ən mühüm məsələ adlandırıb.
“Əgər Tayvan məsələsi düzgün şəkildə həll olunarsa, iki ölkə arasındakı münasibətlər ümumi sabitliyi qoruya bilər. Əks halda, dövlətlər qarşıdurma və hətta münaqişə ilə üz-üzə qala bilər”.
ABŞ rəsmi olaraq Tayvanın müstəqilliyini tanımasa da, ada ilə diplomatik təmaslarını davam etdirir. Vaşinqton rəsmilərinin Tayvan nümayəndələri ilə görüşləri, eyni zamanda iqtisadi və hərbi əlaqələrin ildən-ilə genişlənməsi Pekin üçün qəbuledilməzdir. Hazırda ABŞ ilə Çin arasında real hərbi toqquşmaya səbəb ola biləcək əsas problem Tayvan məsələsidir.
Pekin nə qədər güclənsə və ABŞ ilə rəqabət aparsa da, Vaşinqtonla total müharibə riskini gözə ala bilmir. Buna görə də Çin daha çox ABŞ-ın öz taktikasına bənzər üsullardan istifadə edir. Məsələn, Pekin Vaşinqtonun diqqətini yayındırmaq üçün Rusiya və İrana ciddi maliyyə və hərbi dəstək verir. Beləliklə, ABŞ-ın diqqəti dövri şəkildə Ukrayna və İran istiqamətlərinə yönəlir. Xüsusilə İranla birbaşa gərginliyin yaranması Vaşinqtonu resurs tükəndirən qarşıdurmaya sürükləyir. Bu isə Çinin Tayvan istiqamətində daha sərt siyasətini həyata keçirməsi üçün əlavə imkanlar yaradır.
Pekin, “Çinlə ABŞ arasındakı bütün münasibətlər sistemi ciddi təhlükə altına düşəcək”, – deməklə, Tayvan məsələsində mövqeyinin dəyişməz olduğunu açıq şəkildə nümayiş etdirir.
ABŞ üçün İranla gərginliyin uzanmasının Pekinin maraqlarına uyğun olduğu aydın görünür. Əslində, Trampın Pekinə səfərinin əsas səbəblərindən biri də İran və Çinin Tehrana verdiyi dəstəkdir. ABŞ, Rusiya ilə olduğu kimi, resursların tükəndirilməsinə hesablanan uzunmüddətli qarşıdurmaya sürüklənmək istəmir. Buna görə də Vaşinqton Çinlə ortaq məxrəcə gəlməyə cəhd göstərir. Başqa sözlə, Tramp özünü üstün mövqedə göstərməyə çalışsa da, müəyyən mənada Çinə səfərə məcbur qalıb.
Çin SSRİ deyil və bunu ABŞ da yaxşı anlayır. Ən vacib məqam isə budur ki, Vaşinqton Çini SSRİ modeli ilə zəiflədə və ya dağıda bilməz. Çinin ideoloji sistemi dövlət siyasətinin bir hissəsidir, lakin iqtisadiyyatı SSRİ-dən fərqli olaraq daha liberal və kapitalist əsaslara söykənir. Əsas fərqlərdən biri də ABŞ və Çin iqtisadiyyatlarının bir-birinə ciddi şəkildə bağlı olmasıdır. Yəni SSRİ dövründən fərqli olaraq, ABŞ Çin iqtisadiyyatını çökdürməyə çalışarsa, bu, avtomatik şəkildə ABŞ iqtisadiyyatına da ağır zərbə vura bilər. Pekinin məqsədi SSRİ kimi sosializmi ixrac etmək deyil. Lakin dünyada avtoritar meyillərin sürətlə gücləndiyini nəzərə alsaq, gələcəkdə bu riskin artacağı da istisna deyil.
O baxımdan, Trampın Çinə səfəri hər nə qədər qarşı tərəfə mesaj vermək və müəyyən uzlaşma əldə etmək məqsədi daşısa da, yaxın perspektivdə ciddi nəticələr verməsi çətin görünür. Pekinlə Vaşinqton arasında əlavə görüşlərə və daha geniş müzakirələrə ehtiyac var. Rəqabət isə hələ uzun müddət davam edəcək.
Müəllif: Turan Rzayev