Tramp alyans ölkələrini hədəf aldı-Səbəbi isə…

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında NATO-nu sərt şəkildə tənqid edib. O, deyib ki, “Əgər həqiqəti istəyirsinizsə, hər şey Qrenlandiya🇬🇱 ilə başladı. Biz Qrenlandiyanı istəyirik, onlar isə onu bizə vermək istəmirlər. Buna görə onlara “bye-bye” (sağ ol) dedim”.
Trampın məyusluğunun digər səbəbi NATO-nun ABŞ-ın İrana qarşı hərbi əməliyyatına münasibəti olub. “Onlar heç bir köməklik etmədilər. Tam əksinə. Bizə onlar lazım deyil, bu, göz qabağındadır”. – deyə Ağ Ev rəhbəri bildirib. Tramp NATO üzvlərinin bu addımını “heç vaxt silinməyəcək bir ləkə” adlandırıb.
Alyansın həm hərbi, həm də siyasi “ağırlıq mərkəzi” böyük ölçüdə ABŞ-dır. ABŞ NATO daxilində ən böyük hərbi gücə malik ölkədir. Onun ordusu texnologiya, logistika və qlobal hərəkət imkanlarına görə digər üzvlərdən xeyli öndədir.
ABŞ-ın digər mühüm rolu nüvə çəkindirmə gücü ilə bağlıdır. NATO-nun təhlükəsizlik strategiyasında nüvə silahları hələ də yer tutur və bu sahədə əsas təminat verən ölkə məhz ABŞ-dır. Bu, xüsusilə Avropadakı🇪🇺 müttəfiqlər üçün ciddi təhlükəsizlik zəmanəti sayılır.
Eyni zamanda ABŞ alyansın maliyyə yükünün də əsas hissəsini daşıyır. NATO ölkələri ümumi müdafiə xərcləri baxımından ABŞ-a çox güvənir və bu, təşkilatın fəaliyyətinin davamlılığını təmin edən əsas faktorlardan biridir. Tramp məhz buna görə alyans ölkələrinin müdafiə xərclərini artırmasını tələb edir. Əgər bunu etməsələr ABŞ qərarlarını qeyd-şərtsiz qəbul etmələrini və onun yanında olmalarını tələb edir.
Donald Trampın bu tip açıqlamaları daha çox siyasi təzyiq və taktiki ritorika kimi görünür. O, digər alyans ölkələrinin geri addım atacağını düşünür. Əgər bu baş verərsə, Vaşinqton daha ciddi addımlar ata bilər:
Birincisi Vaşinqton NATO fəaliyyətini dondura bilər. Düzdür, NATO-da belə rəsmi mexanizm yoxdur. Lakin ABŞ bunu tək tərəfli edər və beləcə NATO üçün yoxluğunun nə ilə nəticələnə biləcəyini göstərmiş olar.
İkincisi ABŞ Fransanın 1966-cı ildə etdiyi kimi NATO-nu tərk də edə bilər. Düzdür, dövrün Fransa prezidenti Şarl de Qol belə bir addım atsada, Fransa tam NATO-dan çıxmamışdı. Yəni kağız üzərində alyansa üzv idi. ABŞ da bənzər formada bir addım ata bilər. Lakin indiki məqamda bu hələ çətin görünür.
Müəllif: Turan Rzayev