28 mart tarixində Rusiyanın Sankt-Peterburq şəhərində Millətlərarası Əlaqələr Komitəsinin dəstəyi ilə Millətlər Evi tərəfindən Novruz bayramı keçirilib.
Bayram “Rusiya-mənim tarixim” muzeyində Sankt-Peterburqda yaşayan və Novruz bayramını qeyd edən xalqların nümayəndələrinin iştirakı ilə keçirildi. Azərbaycanı Xeyransa Mirzəyevanın rəhbərlik etdiyi “Çinar” Milli Mədəni mərkəzi təmsil etdi. Foyedə mərkəz tərəfində təşkil olunan sərgi konsertə gələnlərin böyük marağına səbəb oldu.

“Çinar” Milli Mədəni Mərkəzinin üzvləri qonaqlara xalçatoxuma və şəkərburaya naxış vurma master-klassları keçdilər. Qonaqlar xalça dəzgahında ilmələr atdılar, şəkərburaya naxışlar vurdular. Sərgiyə tamaşa edənlərə Novruzun ənənələri haqqında məlumat verildi. 28 illik tarixi olan “Çinar” vokal- rəqs ansamblının xoreoqraf Rəna İbrahimova tərəfindən hazırlanmış rəqs nömrələrindən ibarət 20 dəqiqəlik çıxışı tamaşaçıların xüsusi rəğbətini qazandı.


