ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib.
Kanal32.az xəbər verir ki,Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov çıxışında qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi məsələsinə toxunaraq tarixi ədalətsizliklərə münasibətdə ikili standartlara yol verilməməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, təxminən 40 il əvvəl azərbaycanlılar Ermənistandakı tarixi torpaqlarından qovulub, onların tarixi və mədəni irsinə ciddi ziyan vurulub. Çıxışda azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, məscid və digər müqəddəs məkanların tarixi görkəminin dəyişdirilməsi və irsin saxtalaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Səbuhi Abbasov Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaq hüququnun təmin edilməsinin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, bu məsələ insan hüquqları, tarixi ədalət və xalqlar arasında barışıq kontekstində nəzərdən keçirilməlidir.
ASGA sədri çıxışında Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə dialoqa hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladıb. Onun sözlərinə görə, Ermənistan tərəfinin dialoqa başlamaması problemin həlli istiqamətində irəliləyişə mane olur.
Səbuhi Abbasov tarixi barışığın əldə olunması üçün Ermənistan hökumətini mövqeyini dəyişməyə, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırıb.
O, həmçinin ATƏT-ə müraciət edərək təşkilatı Ermənistanı Qərbi azərbaycanlılarla dialoqa başlamağa təşviq etməyə və bu istiqamətdə müvafiq çağırışlar etməyə dəvət edib.
Çıxışda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, tarixi irsin qorunması və dinc dialoqun təşviqi insan ölçüsünün əsas istiqamətlərindəndir. Bu məsələlərə ardıcıl və ədalətli yanaşma regionda qarşılıqlı etimadın və tarixi barışığın formalaşmasına töhfə verə bilər.
Qeyd edək ki, səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşıb.