Müasir dövrdə sosial media platformalarının sürətli inkişafı informasiya mübadiləsini asanlaşdırsa da, eyni zamanda ciddi problemlər də yaradıb. İnformasiya bolluğu şəraitində bəzən dəqiqləşdirilməmiş xəbərlər, emosional paylaşımlar və qərəzli yanaşmalar cəmiyyətin informasiya təhlükəsizliyinə mənfi təsir göstərir. Bu isə dövlət qurumları, media subyektləri və ictimaiyyət arasında münasibətlərin arzu olunan səviyyədə formalaşmasına mane olur.
Bunun üçün bu gün xüsusilə regionlarda sağlam və peşəkar media mühitinin qurulması sosial sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Hüquqi baza və yerli icra hakimiyyətlərinin bu işdə rolu regionlarda dövlət–vətəndaş–media münasibətlərinin düzgün formalaşmasında xüsusi önəm daşımalıdır. Bu sahədə əsas sənədlərdən biri Media haqqında Azərbaycan Respublikasının Qanunu, digəri isə İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunudur. Həmin qanunlar informasiya əldə etmək hüququnu, media subyektlərinin məsuliyyətini və dövlət qurumlarının şəffaf fəaliyyət prinsiplərini müəyyən edir. Bundan əlavə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.14 və 4.14-cü maddələri yerli icra hakimiyyətlərinə ictimaiyyətlə və media ilə işin təşkili istiqamətində konkret vəzifələr müəyyənləşdirir. Bu vəzifələrin icrası formal deyil, sistemli və davamlı xarakter daşımalıdır.
Bunun üçün nə edilməlidir?
1. Regionlarda fəaliyyət göstərən media subyektləri ilə mütəmadi görüşlər, dinləmələr və müzakirələr təşkil olunmalıdır. Bu görüşlər sosial-iqtisadi inkişaf məsələlərinin düzgün təqdimatına, ictimai maraq doğuran problemlərin açıq müzakirəsinə, dövlət qurumlarının operativ və rəsmi məlumat verməsinə, şayiə və dezinformasiyanın qarşısının alınmasına xidmət etməlidir. Belə platformalar qarşılıqlı inamın formalaşmasına real töhfə verə bilər.
2. Sağlam informasiya mühitinin formalaşdırılması, informasiyanın rəsmi mənbələrdən əldə olunması, düzgün şərh edilməsi və ictimaiyyətə obyektiv təqdim edilməsi vacibdir. Media savadlılığının artırılması istiqamətində maarifləndirici seminarlar, hüquqi təlimlər, jurnalist etikasının artırılması məqsədi ilə görüşlər keçirilməlidir.
Bu prosesdə Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Mətbuat Şurasının tövsiyələri və etik kodeks prinsipləri regionlarda da tətbiq edilməlidir.
3. İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən İctimai Nəzarət Şurası ilə media subyektləri arasında koordinasiya gücləndirilməlidir.
Şura, media üçün açıq hesabat platforması rolunu oynaya bilər, sosial problemlərin işıqlandırılmasında körpü funksiyası daşıya bilər, dövlət–vətəndaş–media üçbucağında balans yarada bilər.
Odur ki, etibarlı münasibət, güclü cəmiyyət dövlət qurumları, media və ictimaiyyət arasında sağlam münasibətlərin qurulması yalnız formal bəyanatlarla deyil, konkret və ardıcıl addımlarla mümkündür. Qanunvericiliyin tələblərinə uyğun sistemli iş formalaşdırılarsa sosial mühit daha sabit olar, informasiya boşluqları aradan qalxar, ictimai etimad güclənər, rayon və şəhərlərin sosial-iqtisadi inkişafı daha şəffaf və effektiv təqdim edilər.
Sağlam media mühiti – sağlam cəmiyyət deməkdir. Bu istiqamətdə atılan hər bir addım gələcək üçün mühüm investisiyadır.
Natiq Əlisoy
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dialoq.az