Sosial kapital – bir toplumun bir-birinə güvənmək bacarığıdır. Qohumluqdan, dostluqdan, qonşuluqdan, birgə işdən doğan qarşılıqlı dayanıqlılıqdır. Fransız fikir adamı Pierre Bourdieu bunu insanın daxil olduğu çevrədən qazandığı imkan kimi yorumlayır. Amerikalı Ceyms Kolman (James Coleman) sosial bağların məqsədə çatmağa yardım etdiyini göstərirdi. Robert Putnam isə sübut edirdi ki, insanlar birgə hərəkət etməyi dayandıranda toplum gücsüzləşir.
Onların hamısının gəldikləri ortaq sonuc budur: sosial kapital maddi sərvət deyil, amma maddi və mənəvi sonuc doğuran görünməz gücdür.
Dünya Dəyərlər Araşdırmasının nəticələri göstərir ki, yüksək güvən olan ölkələrdə insanlar “başqasına güvənmək olar” deyə bilir. Şimal ölkələrində bu göstərici 60–70 faizdir. Bir çox keçmiş sovet ölkələrində isə 20–30 faiz. Bu fərq təsadüfi deyil. OECD məlumatları da göstərir ki, etimad artdıqca idarəçilik güclənir, qaydaya əməl könüllü olur, iqtisadi fəaliyyət genişlənir. Yəni sosial kapital görünməz olsa da, nəticəsi açıqdır.
Azərbaycanın mənzərəsi isə ikili xarakter daşıyır. Ailə içində, yaxın çevrədə bağ güclüdür. Amma ümumi ictimai güvən zəifdir. İnsan daha çox özünə bənzəyənə güvənir. Fərqli düşünənə, uzaq çevrəyə, quruma qarşı şübhə var. Bu, sosial kapitalın bağlayıcı tərəfinin güclü, körpü yaradan tərəfinin zəif olduğunu göstərir. Toplum kiçik adacıqlara bölünür, amma bu adacıqlar arasında keçid zəifdir.
Son illər isə başqa bir təhlükə üzə çıxıb: aydın çirklənməsi. Aydın – yol göstərən, fikir yaradan, dəyər daşıyan şəxs deməkdir. Amma bu gün fikir sahəsində gur səs çoxdur, dərinlik azdır. Söz çoxalır, anlam azalır. Sosial şəbəkələrdə hər kəs danışır, amma az adam düşünür. Qərbyönlü qlobal media şirkətlərinin yaratdığı axın, yerli dəyər qatını sarsıdır. Onların əsas məqsədi diqqət toplamaqdır, dəyər qurmaq yox. Qalmaqal daha tez yayılır, sakit və dərin söz isə kölgədə qalır.

Bu axın içində yerli düşüncə zəifləyəndə sosial kapital da zərər görür. Çünki ortaq dəyər zəmini itəndə güvən də itir. İnsan öz mədəni dayağından uzaqlaşdıqca qərarsızlıq artır. İdeya boşluğu yaranır. Bu boşluğu isə ya təsadüfi söz doldurur, ya da məqsədli yönləndirmə.
Dəyər yaradıcılığı burada əsas anlayışdır. Toplum yalnız istehlakçı olanda deyil, yaradan olduqda güclənir. Bizim toplumda uzun illər ərzində dəyər istehsal edən fikir adamı ilə gündəlik populyar sima arasında sərhəd bulanıqlaşıb. Halbuki sosial kapital dəyər yaradan ağıl üzərində qurulur. Əgər fikir meydanı səthi sözlərlə dolursa, sosial bağlar zəifləyir. Çünki insanlar ortaq dərinlik tapmır.
Sosial kapitalın zəifləməsinin ilk göstəricisi güvənsizlikdir. İnsan quruma inanmır, sözə inanmır, sabaha inanmır. Bu isə atomlaşma yaradır. Hər kəs özünə çəkilir. Ortaq iş çətinləşir. Bu boşluq artdıqca qayda çoxalır, amma qaydaya könüllü əməl azalır.
Çıxış yolu haradadır? Mənim yanaşmam aydındır: aydınların birləşməsində. Fikir adamı fərdi çıxışdan çox, ortaq düşüncə qurmalıdır. Aydın yalnız tənqid edən deyil, yol göstərən olmalıdır. Fikir meydanı şəxsi şöhrət yarışından çıxıb, dəyər qurma meydanına çevrilməlidir.
Bununla yanaşı, Ağsaqqallar şuralarının işinin gücləndirilməsi zəruridir. Bu qurum sadəcə yaşlı nəslin simvolu deyil. Onlar toplum yaddaşının daşıyıcısıdır. Nəsillərarası körpü rolunu oynayırlar. Onların nüfuzu artdıqca sosial kapital möhkəmlənir. Çünki ağsaqqal sözü güvən yaradır.
Törəyə qayıdış da bu baxımdan böyük önəm daşıyır. Törə – yalnız qədim adət deyil, davranış ölçüsüdür. Ədalət, sözə sədaqət, böyüyə sayğı, zəifə dayaq – bunlar sosial kapitalın milli ifadəsidir. Törə itəndə toplum qaydasızlaşmı, amma ruhsuzlaşır. Ruhsuz toplum isə dayanıqlı olmur.

Qlobal media axınına qarşı qapalı qalmaq çıxış yolu deyil. Amma öz dəyər qatını gücləndirmək mümkündür. Öz sözünü yaradan, öz aydınını dinləyən, öz ağsaqqalına dəyər verən toplum xarici təsirdən qorxmaz. Çünki möhkəm kökü olan ağacı külək yıxa bilməz.
Sosial kapital pul kimi yığılmır, amma davranış kimi artır. Bir ədalətli qərar, bir dürüst söz, bir vəfalı davranış – bunlar kiçik görünür. Amma toplumun görünməz sərvətini artırır. Əksinə, bir haqsızlıq, bir riyakarlıq, bir saxta nümunə – sosial kapitalı azaldır.
Toplumun gələcəyi yolların, binaların sayında deyil. O, bir-birinə güvənən insanların çoxluğundadır. Aydın çirklənməsi dağıdıcıdır, amma dəyər yaradıcılığı qurucudur. Qlobal səs gur ola bilər, amma milli söz dərin olmalıdır.
Unutmayaq: sosial kapital görünməzdir, amma dağılması dərhal hiss olunur. Onu qorumaq üçün aydın birləşməli, ağsaqqal danışmalı, toplum törəyə söykənməlidir. Çünki güclü dövlət əvvəlcə güclü güvən üzərində qurulur. Güvən isə nə alınır, nə zorla qurulur – o, yalnız dəyər üzərində yetişir.
Müəllif: Eltən Törəçi
/ayna.az/