Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrının “Addım-addım Vətəndə” layihəsi uğurla davam edir. Layihənin Zəfər Gününə həsr olunmuş növbəti tədbiri Gəncə Dövlət Milli Dram Teatrında təşkil edilib. Bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.
Onun sözlərinə görə öncə Azərbaycan Respublikasịnın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcıları olan Bakı Uşaq və Gənclər Teatrı adından aktyor Mehman Piriyev və Gəncə Dövlət Milli Dram Teatrı adından teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev çıxış edərək hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumatlar veriblər.

Daha sonra Bakı Uşaq və Gənclər Teatrının rəhbəri rejissor, aktyor, Əməkdar artist İntiqam Soltan və Gəncə Dövlət Milli Dram Teatrının rejissoru Elşad Əhmədov çıxışalarında layihə haqqında danışıblar.
Layihənin davamı olaraq Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində gənc aktyor Murad Meyfəliyevin qələmə aldığı həmçinin quruluş verdiyi “Zəfər” tamaşası və Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan, ideya müəllifi həmçinin quruluşçu rejissoru olan, Əməkdar artist İntiqam Soltanın “Vətən” tamaşası nümayiş olunub.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı adından təşəkkürnamə təqdim edilib. Həmçinin Gəncə Dövlət Milli Dram Teatrı tərəfindən Bakı Uşaq və Gənclər Teatrı isə fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, layihəyə bölgə teatrlarının iştirakı ilə Bakıda təşkil olunacaq festivalla yekun vurulması planlaşdırılır.

