Dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin adı Azərbaycanın musiqi mədəniyyəti tarixində qızıl hərflərlə yazılıb. Milli musiqimizin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın yaradıcılığı bu gün də Azərbaycan musiqi məktəbinin əsas sütunlarından biri kimi yaşamaqdadır.
Sentyabrın 18-də Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü qeyd olunur. Bu əlamətdar tarix ölkəmizdə hər il müxtəlif mədəni tədbirlərlə, konsert proqramları və musiqi layihələri ilə qeyd edilir.
2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı isə artıq Azərbaycanın mədəni həyatında xüsusi yer tutan mühüm sənət hadisələrindən birinə çevrilib. Festival çərçivəsində dünyanın və Azərbaycanın tanınmış musiqiçiləri, ifaçıları, kollektivləri, bəstəkarları və gənc istedadları bir araya gəlir.
Bu mötəbər musiqi bayramında Mingəçevir şəhərinin də özünəməxsus iştirakı diqqət çəkib.
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin fortepiano müəllimi Zeynəb Həmidova və məktəbin 5-ci sinif şagirdi Dərya İsmayıllı festival proqramında iştirak edərək şəhərimizi və təhsil aldıqları musiqi məktəbini layiqincə təmsil ediblər.
Mingəçevirli müəllim və şagird üçün bu iştirak yalnız bir musiqi tədbirində çıxış etmək deyil, eyni zamanda Azərbaycanın ən mötəbər mədəniyyət platformalarından birində şəhərin və məktəbin adını səsləndirmək baxımından xüsusi əhəmiyyət daşıyıb.
Zeynəb Həmidova festivalda iştiraklarını böyük qürur hissi ilə xatırlayır:
“Bu iştirak bizə çox qürurverici hisslər yaşatdı. Festival çərçivəsində həm bəstəkarlarımızla, həm tanınmış sənətkarlarla, həm də istedadlı gənc ifaçılarla görüşmək imkanımız oldu. Dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Müqəddimə”ni sevə-sevə ifa etdik. Bu əsəri məhz belə möhtəşəm bir festivalın səhnəsində səsləndirmək bizim üçün olduqca böyük və unudulmaz təcrübə idi”.

Müəllimin sözlərinə görə, festivalda yaşanan ən qürurverici məqamlardan biri isə açılış proqramının məhz onların ifası ilə başlaması olub.
“Ən qürurverici anlardan biri də o oldu ki, festivalın ilk açılışı bizim ifa edəcəyimiz əsərlə başladı. Aparıcının səhnədə “Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin müəllimi və şagirdi” sözlərini deməsi bizim üçün çox böyük sevinc idi. Şəhərimizin və məktəbimizin adını həmin möhtəşəm səhnədə eşidəndə bir anlıq içimdə böyük qürur və sevinc hissləri yarandı”, – deyə Zeynəb Həmidova bildirib.
Musiqi müəllimi qeyd edib ki, bu cür tədbirlər gənc ifaçıların yaradıcılıq potensialının inkişafında və onların daha böyük səhnələrdə özlərini sınamasında mühüm rol oynayır.Onun sözlərinə görə, Mingəçevirin musiqi məktəblərində yetişən istedadlı uşaqlar öz bacarıqları ilə ölkənin müxtəlif bölgələrində, eləcə də paytaxtda keçirilən nüfuzlu tədbirlərdə uğurla iştirak edə bilərlər.
“Biz bu festivalda iştirakımızla bir daha sübut etdik ki, Mingəçevirin musiqi məktəblərində yetişən istedadlı uşaqlar Bakıdakı musiqi məktəblərindən heç də geri qalmırlar. Əksinə, onlara yaradılan imkanlardan düzgün istifadə etdikdə öz istedadlarını böyük səhnələrdə nümayiş etdirə bilirlər. Bu baxımdan Dəryanın da belə bir mötəbər festivalda çıxış etməsi bizim üçün böyük qürurdur”, – deyə Zeynəb Həmidova vurğulayıb.
5-ci sinif şagirdi Dərya İsmayıllının festivalda iştirakı isə onun gələcək yaradıcılıq yolunda mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Gənc ifaçının belə böyük səhnədə özünü sınaması həm onun üçün dəyərli təcrübə, həm də Mingəçevir Musiqi Məktəbinin yetirmələrinin potensialının göstəricisidir.

Üzeyir Hacıbəyli kimi dahi sənətkarın adını daşıyan musiqi məktəbinin müəllim və şagirdinin onun yaradıcılığına həsr olunmuş beynəlxalq festivalda səhnəyə çıxması isə ayrıca simvolik məna daşıyır.
Bu uğur Mingəçevirin musiqi həyatında yeni və əlamətdar səhifələrdən biri olmaqla yanaşı, şəhərdə yetişən gənc istedadların böyük səhnələrə doğru inamla addımladığını da göstərir.
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin kollektivinə və gənc ifaçı Dərya İsmayıllıya bundan sonra da yeni yaradıcılıq uğurları, mötəbər səhnələrdə parlaq çıxışlar və Azərbaycanın musiqi mədəniyyətinin təbliğinə töhfə verəcək nailiyyətlər arzulayırıq.
Esmira Hidayətova,
Mingəçevir