XIX əsrin sonlarına doğru Danimarka artıq böyük müstəmləkə gücünü itirməyə başladı. Xüsusilə quldarlığın ləğvi sonrası adaların gəlirləri əhəmiyyətli dərəcədə azaldı. Digər bir problem isə adaların Danimarkadan çox uzaqda yerləşməsi idi. Kiçik Avropa dövləti üçün minlərlə kilometr uzaqda yerləşən tropik əraziləri qorumaq həm hərbi, həm də diplomatik baxımdan getdikcə çətinləşirdi.
I Dünya müharibəsi yaxınlaşdıqca problem daha ciddi hal aldı. Bu dövrdə Kopenhagen üçün əsas prioritet Avropadakı neytrallığını qorumaq idi. Adaların Danimarkada qalması Karib dənizində potensial qarşıdurma riski ilə əlavə yük yaradırdı ABŞ isə bu adalara tam fərqli prizma ilə baxırdı. XX əsrin əvvəllərində Vaşinqton artıq regional güc deyil, yarımkürə hegemonuna çevrilmişdi. Panama kanalının açılması ilə Karib dənizi ABŞ üçün həyati əhəmiyyətli təhlükəsizlik zonası oldu. Vest-Hind adaları Birləşmiş Ştatların dəniz yollarını qorumaq və Avropa güclərinin yarımkürəyə geri dönməsinin qarşısını almaq üçün ideal hərbi-strateji mövqe idi. Məhz maraqların kəsişməsi həmin dövrdə satış prosesini mümkün etdi.
ABŞ indi bu məntiqlə Qrenlandiyanı da Vest-Hind adaları kimi almaq istəyir. Lakin baş verənlərin eyni formada təkrarlanması ehtimalı aşağıdır. Çünki niyyət eyni olsa da, şərtlər və beynəlxalq vəziyyət tamamilə fərqlidir.
Əsas fərq ondadır ki, həmin dövrdə Danimarka adaları itirməkdən qorxmurdu, əksinə onlardan qurtulmaq istəyirdi. ABŞ isə almağa tələsirdi. 1916-cı ildə ABŞ-ın 25 milyon dollarlıq qızıl təklifi Danimarka üçün sadəcə maliyyə qazancı deyildi, həm də uzunmüddətli riskdən sığortalanma idi. Qrenlandiyanın dəyəri isə ildən-ilə artır. Ada ətrafında gedən geosiyasi olaylar Kopenhageni narahat etmədiyi kimi, əksinə manevr imkanı yaradır.
Müəllif: Turan Rzayev,politoloq