Dünya Türk Dili Ailəsi Günü-Dosent Murtəza Həsənoğlu yazır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki proqram xarakterli çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı öz gücünü daha da artırır. Türk Dövlətləri Təşkilatı Avrasiya coğrafiyasında artan təsir gücü ilə strateji əhəmiyyətli bir ittifaqa çevrilir. Beynəlxalq sistemin daim dəyişən strukturu daxilində regional inteqrasiya təşəbbüslərinin əhəmiyyəti artır. Soyuq müharibədən sonra beynəlxalq münasibətlərdə köklü dəyişikliklər baş verdi. Sovet İttifaqının dağılması Orta Asiyanı bu dəyişikliyin ən çox təsirləndiyi bölgəyə çevirdi. 15 dekabr, demək olar ki, türk dilinin tarixi gücünün simvoludur. Dil bir millətin yaddaşı və kimliyidir. Adriatik dənizindən Çin səddinə qədər uzanan geniş bir coğrafiyada danışılan türk dili hamımızı birləşdirən ən güclü bağdır. 15 dekabr türk dili üçün həm dərin köklü keçmişi, qədim tarixi, həm də ən qədim mətnlərinin oxunması və deşifrə edilməsi baxımından universal və simvolik əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, danimarkalı alim Vilhelm Tomsenin Orxon yazılarını deşifrə etdiyi bu tarix türk dilinin 1300 illik yazılı tarixinə aiddir. UNESCO-nun 2025-ci il noyabrın 3-də keçirilən 43-cü Baş Konfransında 15 dekabrın rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” elan edilməsi qərarı dilimizin gələcəyi üçün atılan çox vacib bir addımddır.Təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və beynəlxalq dəstək alıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da təşəbbüsə qoşulub. Qərar ümumilikdə 26 ölkə tərəfindən təsdiqlənib. Türk dillərində ortaq tarix və mədəni dəyərlər çərçivəsində 200 milyondan çox insan danışır. Bu, dövlətlərimiz üçün diplomatik uğur olmaqla yanaşı, həm də türk dillərinin qədim sivilizasiya irsinin ümumbəşəri dəyər kimi tanınmasıdır. Türk Dövlətləri Təşkilatının (TDT)məqsədi Türk dövlətləri arasında qarşılıqlı etimadı gücləndirmək, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək, eləcə də türk dünyasının tarixi və mədəni irsinin sənədləşdirilməsini və təbliğini təmin etməkdir.

Özbəkistanın tarixi Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 43-cü Baş   Konfransında 15 dekabr tarixinin Dünya Türk Dili Ailəsi Günü kimi qəbul edilməsi Türk dünyasının elm, mədəniyyət və dil birliyi baxımından son dərəcə əlamətdar və tarixi qərardır olmuşdur. 43-cü Baş Konfransında   AzərbaycanQazaxıstanQırğızıstanTürkiyə və Özbəkistan tərəfindən 15 dekabrın “Dünya Türk dili günü” elan edilməsi təklifi irəli sürüldü və bu təklif   dövlətlər tərəfindən dəstəkləndi. UNESCO “Dünya Türk Dili Ailəsi Günü”nü təsis etməklə bir daha çoxdilliyə, mədəni müxtəlifliyə və xalqlar arasında dialoqa sarsılmaz sadiqliyini təsdiqləyir. Bu təklifə uyğun olaraq 15 dekabr “Beynəlxalq Türk Dili Günü” kimi qəbul edildi. Baş Konfransda 194 ölkədən 5000-dən çox nümayəndə iştirak edib. Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etmək təklifi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirib və təsdiqləyiblər.      Dillər yalnız ünsiyyət vasitəsi deyil, həm də nəsillər boyu kollektiv yaddaş, müdriklik və kimlik daşıyan sivilizasiyaların ruhudur. Dünya Türk Dili Ailəsi Gününün türk dünyasının qədim şəhərlərindən olan Səmərqənddə elan edilməsinin xüsusi məna daşıdığını qeyd edən Türkiyə XİN açıqlamasında vurğulayıb: “Məlum olduğu kimi, məşhur türkoloq Vilhelm Tomsen 1889-cu ildə tapılmış və türk dilinin məlum olan ilk yazılı abidələri sayılan “Orxon” kitabələrinin türk dilində yazıldığını 1893-cü il dekabrın 15-də beynəlxalq elmi ictimaiyyətə təqdim etmişdi. Dünya Türk Dili Ailəsi Gününün türk dünyası və türkcə bilən, türkcə öyrənən dostlarımız üçün indidən xeyirli olmasını diləyirik”. Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcəkdir və qəbul edilən bu mühüm qərar bütün türk dünyası üçün əlamətdar nailiyyətdir . Geniş bir coğrafiyada 200 milyondan çox insanın danışdığı türk dil ailəsi əsrlər boyu ortaq tarix və dəyərlərdən gələn zəngin bir mədəni irsi təmsil edir. Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcəkdir.  UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan edilməsi qərarı alqışlanarlı bir hadisədir. TDT üzv ölkələrin ortaq baxışı ilə dünyanın yeni güc və inkişaf mərkəzinə çevrilir.

s.e.f.d., dos. Murtəza Həsənoğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Siyasi İdarəetmə fakültəsinin dekanı