Martın 10-da Mingəçevir Gənclər Evində “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası”nın yaratdığı “AzeArt.az” saytının təqdimatı keçirilib.
Sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılıb. Tədbirdə QHT, media nümayəndələri, mədəniyyət idarələrinin əməkdaşları, Mingəçevir Dövlət Universitetinin müəllim-tələbə heyəti və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası”nın sədri, internet-media eksperti Səbuhi Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib: “”AzeArt” interaktiv məlumat mərkəzinin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir. Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə, xarici turistlər üçün də cəlbedici olacaqdır. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətlərinə uyğundur. Layihəmizi dəstəklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik.”
Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tafyel Şükürov çıxış edərək ŞİH başçısı İlham İsmayılovun salamlarını tədbir iştirakçılarına çatdırdı. T. Şükürov bu kimi layihələrin Mingəçevirdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını dedi.
Daha sonra tanınmış telejurnalist İnqilab Şirinli çıxış edərək layihənin əhəmiyyətindən danışdı. İ. Şirinli bu kimi innovativ layihələrin ölkəmizin tanıdılmasında böyük rol oynadığını vurğuladı: “Mən eyni zamanda təklif edirəm ki, bu saytda Qərbi Azərbaycan, Güney Azərbaycan, Zəngəzur bölmələri də açılsın, oradakı abidələrimiz də bu innovativ kataloqa əlavə edilsin.”
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva isə çıxışında bu kimi həllərin gənclər üçün çox vacib olduğunu dedi: “Bu saytı dərindən incələdim, çox xoşuma gəldi. Unutduğum və ya bilmədiyim abidələri bu saytda gördüm. Təkliflərim var, hesab edirəm ki, saytda fotoqalereya olsa, çox gözəl olar. Həmçinin, bəzi yazılarda şriftlər böyük, bəzilərində isə balacadır. Xırda nüanslardır, ancaq düzəlsə yaxşı olar.”
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.
















7news.az