Bu teatr 129-cu mövsümə start verir

 Gəncə Dövlət Milli Dram Teatrı artıq özünün 129-cu mövsümünə start verir.

Ötən 128-ci teatr mövsümünü premyeralar və festivallarda iştirakla  yola salan yaradıcı kollektiv sentyabr ayının 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə teatrsevərlərin görüşünə gələçək.

Kanal32.az-a bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib. Onun sözlərinə görə yaradıcı kollektiv 20 sentyabr tarixində Ə. B. Haqverdiyevin “Pəri Cadu”, 26 sentyabr tarixində A. Saqarelinin “Xanuma” və 27 sentyabr tarixində isə N. Ə. Məmmədlinin “Cavad xan” pyeslərini nümayiş etdirəcək.

Teatrın yaradıcılıq planlarından danışan Anar Ərtoğrul Burcəliyev həmçinin bildirib ki, hazırda teatrda Rey Kuninin “Nömrə 13” komediyasının qurama məşqləri aparılır. Tamaşaya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, Respublikanın Əməkdar artist Nicat Kazımovun rejissor traktofkasında baxmaq mümkün olacaq. Səhnə quruluşunun rəssamı Mustafa Mustafayev olmaqla əsas rollarda Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, eləcə də aktyorlar Ruslan Hüseynov, Murad Meyfaliyev, Şəlalə Rüstəmova, Samir Abbasov, Zeynəb Hüseynova və Elmir Məmmədov ifa edirlər. Bu tamaşada həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirin də dəvətli aktyor olaraq iştirak edəcək.

Ədəbi-hissə müdiri qeyd edib ki, “Həmçinin Türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında eyniadlı tamaşasının da məşqləri davam etdirilir. Səhnə işinin quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədov, quruluşçu rəssamı Mehdi Hüseynovdur. Musiqili tamaşada rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Kəmalə Məmmədova, Rahilə Məmmədova və aktrisa Sevinc Hüseynova ifa edəcəklər”.

Anar Ərtoğrul Burcəliyev onu da vurğulayıb ki, “Cari ilin sonuna qədər teatrda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının (rejissor Əməkdar incəsənət xadimi Mirbala Səlimli) və Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” (rejissor Elşad Əhmədov) dramatik tamaşalarının da təqdimatı nəzərdə tutulub”.