Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, 229 saylı tam orta məktəbin və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində “COP29: səssiz dünyadan səsli dünyaya birgə addımlayaq” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra məktəb ərazisindəki Şəhidlər kompleksini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Sonra 229 saylı tam orta məktəbin və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin kollektivinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, ağacəkmə mərasimi olub.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdlərinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra 229 saylı tam orta məktəbin direktoru Vüsalə Məmmədova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, Milli Məclisin deputatı Könül Nurullayeva, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Sağlamlıq imkanları məhdud 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini Günay Ağayeva və başqaları çıxış ediblər.
Çıxışlardan sonra bədii hissə olub və tədbirin təşkilinə görə bir qrup şəxs Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsi tərəfindən təltif olunub.