Martın 13-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda seminar keçirilib.
Tədbirdə 13 saylı məktəbinin direktor müavini İntizar Şirinova, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir ŞİH Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi-psixoloqu Səbirə Yusifli, Mingəçevir Valideynlər Assosiyasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, Mingəçevir Dövlət Universitetinin müəllim-psixoloqu Nərgiz Niftəliyeva, şəhər məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri, müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı qızların təhsil almasının önəmi, təhsildən yayındlrmanın hüquqi və mənəvi aspektləri haqqında məlumat verilərək qeyd edildi ki, qızların təhsil alması gələcəkdə ailənin, o cümlədən cəmiyyətin sağlam təməllər üzərində qurulmasının təminatıdır. Bildirilib ki, qızların təhsil alması həm də onların özləri üçün yüksək mənəvi və maddi təminatdır.
Çıxışlar zamanı həmçinin qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün münasib şərait yaradılıb. Qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb. Lakin bu görülən işlərə baxmayaraq, kütləvi olmasa da, bəzi bölgələrdə erkən nikahlar və bunun kimi müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Eyni zamanda, bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Tədbir diskussiya formasında davam etdirilib.
Esmira Hidayətova,
Mingəçevir